Əsas Səhifə > Güney Press, Araşdırma > ELMAN RÜSTƏMOV KİMİN HƏDƏFİNDƏDİR?

ELMAN RÜSTƏMOV KİMİN HƏDƏFİNDƏDİR?


19-07-2013, 11:53
ELMAN RÜSTƏMOV KİMİN HƏDƏFİNDƏDİR?
BAŞ BANKİRİN QARA GÜNLƏRİ

Ölkə büdcəsinin formalaşmasında önəmli rol oynayan bank sektoru ən gəlirli sahə hesab olunur. İqtisadçıların rəyinə görə, qeyri-neft sektorunda formalaşan ümumi daxili məhsulun üçdə iki hissəsindən çoxu məhz bank sektorunun payına düşür. Xarici banklarda saxlanan neft pullarından gələn dividendləri də nəzərə alsaq, ölkəyə daxil olan vəsaitlərin böyük bir hissəsi Mərkəzi Bankda saxlanılır. Digər tərəfdən, Mərkəzi Banka rəhbərlik etmək həm kommersiya banklarının kreditləşməsini, həm də maliyyə sektorunda həyata keçirilən əməliyyatlara nəzarəti etmək imkanı qazanmaq deməkdir. Baş bankirlik bunun sayəsində oliqarxlar üçün həmişə cəlbedici görünüb.

Baxmayaraq ki, Mərkəzi Bankın sədrinin adı da oliqarxların siyahısında rəğbətə layiq yerlərdən birini tutur. Qeyd edək ki, ölkənin baş bankiri ən uzun ömürlü məmurlardan sayılır. Sədr Elman Rüstəmov bu vəzifəni artıq 18 ildir ki, daşıyır. Qeyri-rəsmi ekspert hesablamalarına görə, Elman Rüstəmovun sərvətlərini Səudiyyə Ərəbistanı şahzadəsinin varidatı ilə müqayisə etmək olar. Ekspertlərin fikrincə, Elman Rüstəmovun sərvətlərinin illik artımı 20-30% civarındadır. Üstəlik, bu artım faizi 18 il ərzində ölkənin monetar siyasətinə, başqa sözlə desək, pulun kəmiyyəti, kredit və faiz dərəcələri, mübadilə kursu ilə bağlı dövlət siyasətinə nəzarət edən şəxs üçün Azərbaycan şəraitində demək olar ki, normal sayılır. Məsələyə önəm verən odur ki, Elman Rüstəmov bu müddətdə müşahidəçilərin diqqətindən yayınmağa müvəffəq ola bilib. Mərkəzi Bankın rəhbərinin adı yalnız qalmaqallarda hallandıqdan sonra informasiya kanallarının nəzarət dairəsinə düşüb. Qeyd edək ki, E.Rüstəmov yaxın ətrafının maliyyə-bank sektorundakı strateji postlara yerləşdirilməsi qayğısına da qalır. Milli Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondu Elman Rüstəmovun nəzarətindədir. Fondun rəhbəri Fəxri Kazımov 2008-ci ilin yanvarından bu vəzifəyə seçilib, tanınmış partiya yetkilisi Xanhüseyn Kazımlının oğludur. Bundan əvvəl Mərkəzi Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. Milli Bankın baş direktoru olmuş Rüfət Aslanlının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsini də bu sıraya aid etmək olar. Mərkəzi Bank rəhbərinin adının hallandığı qalmaqallardan daha çox diqqət çəkəni bankın əməkdaşlarının həbsinə səbəb olmuş 7 milyonluq mənimsəmə faktı oldu. E.Rüstəmov özünü təmizə çıxarmaq üçün açıqlama verdi ki, baş verənlərdən onun xəbəri olmayıb. Bildirdi ki, məsələnin üstünü şəxsən özü açıb. Əlbəttə, bu sayaq açıqlamalar inandırıcı səslənmirdi. Baxmayaraq ki, Elman müəllim ölkə bankirlərinin şoka düşməsindən danışırdı. Açıqlamalarının birində Mərkəzi Bankın rəhbəri hətta söyləmişdi ki, "pul elə bir şeydir ki, insanın ona qarşı ehtirası olur. Mən bir çox ölkələrdə bunun şahidi olmuşam. Biz gələcəkdə robotlardan istifadə etmək niyyətindəyik. Bank daxilində pulların yığılması, sayılması və sair kimi işləri robotlar edəcək”. Daha bir qalmaqallı əhvalat isə az öncə Elman Rüstəmovun bir müğənni xanıma ad günündə hədiyyə etdiyi 450 min dollarlıq bəxşiş ilə bağlı oldu. Bundan əlavə Mərkəzi Bank rəhbərinin xarici öhdəliyi olan bir çox kommersiya banklarına "şapkalı” kreditlər ötürməsi faktları da mətbuata sızan bilgilər arasında xüsusilə nəzərə çarpır. Maraqlıdır ki, lap bu yaxınlarda milli banknotların çapına dair Avstriya Mərkəzi Bankı ilə bağlanmış müqaviləyə görə rüşvət faktı rəsmən təsdiqləndikdən sonra məsələ ilə bağlı Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsek işdən çıxarılsa da, Azərbaycan Mərkəzi Bankının rəhbəri "toxunulmaz” qala bilib. Belə informasiyaların mətbuatda yer almasında ola bilsin, Elman Rüstəmovla problemləri olan nazir və oliqarxların əli var. Baş bankirin maliyyə naziri Samir Şərifovla münasibətləri fonunda bu ehtimallar özünü daha qabarıq göstərir. Məlumata görə, Maliyyə Nazirliyi Mərkəzi Bankdakı büdcə vəsaitlərinin bir qismini nəzarətə götürüb. Buna səbəb həmin vəsaitlərin kommersiya banklarına borc əvəzinə ötürülməsi olub. Məlum olub ki, bu məsələ Prezident Administrasiyası səviyyəsində Samir Şərifovun şəxsi təşəbbüsü ilə ortaya atılıb. Eyni zamanda, Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsində də müəyyən problemlərin yaşandığı bildirilir. Bu mübahisələrin hələ də davam etməsi Elman Rüstəmova qarşı təzyiq rıçaqlarından biri kimi dəyərləndirilə bilər. Baş bankirimizin "vurulması”na ən yüksək səviyyədə hazırlıq getdiyini də nəzərdən qaçırmaq olmaz. Söz yox ki, Elman Rüstəmov bütün bu qalmaqallardan sonra oliqarx rəqiblərinin təsiri altındadır. Görünür, Mərkəzi Bankın sədri oliqarxların qəzəbinə gəlib. Ekspertlər bunu bir çox oliqarxların, həmçinin istefaya göndərilmiş nazir və yüksək rütbəli məmurların ölkədən öz sərvətlərini çıxarmasına qoyulmuş qadağa ilə əlaqələndirir.

Geri qayıt