Əsas Səhifə > Partiya > “ƏSLİNDƏ BU ADAMIN ÖZÜNÜ VƏZİFƏDƏN BAYIRA ATMAQ LAZIMDIR”

“ƏSLİNDƏ BU ADAMIN ÖZÜNÜ VƏZİFƏDƏN BAYIRA ATMAQ LAZIMDIR”


26-12-2011, 15:54
“ƏSLİNDƏ BU ADAMIN ÖZÜNÜ VƏZİFƏDƏN BAYIRA ATMAQ LAZIMDIR”

KXCP SƏDRİNDƏN HAKİMİYYƏTƏ SƏRT TƏNQİD

KXCP sədri Mirmahmud Mirəlioğlu "Teleqraf.az" saytına verdiyi müsahibədə hakimiyyətin xarici və daxili siyasətini tənqid edib.

Dünyada baş verən hadisələrin mütləq Azərbaycan hakimiyyətinə də təsir edəcəyini bildirən Mirəlioğlu deyib ki, hakimiyyət növbəti ildə bütün bunlardan hökmən dərs almalıdırlar: "Dərk etməlidirlər ki, bu həddə gəlib çıxmaq, ayrı - seçkiliyə yol vermək, mətbuat nümayəndələrini həbs etmək, öldürmək, qəzetləri bağlamaq, insanları çörəklə imtahana çəkmək yaxşı heç nə vəd etmir. Ən azı ona çalışmalıdırlar ki, təyin etdikləri icra başçıları onları xalqa söydürməsinlər".

Daha sonra KXCP sədri hakimiyyətin kadr siyasətinə də toxunub: "Ali təhsili olmayan bir polisi Yardımlının icra başçısı qoyublar. Həmin bu icra başçısı çıxışlarında deyirmiş ki, mənim adım Xəzərdir, X-nı atsan, “əzər”, Ə-ni atsan, “zər”, Z-nı atarsan “ər” qalar. Əslində bu adamın özünü vəzifədən bayıra atmaq lazımdır. Nə olsun ki, kimsə kiminsə dostudur. Bəs bu millətə ancaq düşmənçilik etmək lazımdır? Bəzi icra hakimiyyəti başçıları təyin olunduqları rayonlar haqqında- “filan rayonda kişi yoxdur” deyirlər. İtə sahibinə görə hörmət edirlərsə, o, qudurmamalıdır, quduz itə isə yiyəsi sahiblik etməlidir, yoxsa özünü də tuta bilər. Bu cür icra başçılarının əməllərinə görə nə qədər insanın dövlət başçısından üz çevirdiyini təsəvvür etmək çətin deyil. Belə siyasətmi olar? Görünür, bu insanlar dünyanın bizə güldüyünün fərqində deyillər".


Geri qayıt