Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN TƏHSİLİNDƏ «MİSİR İNQİLABI»
AZƏRBAYCAN TƏHSİLİNDƏ «MİSİR İNQİLABI»18-07-2013, 11:00 |
BU GÜN AÇIQLANAN İMTAHAN NƏTİCƏLƏRİ MİSİR MƏRDANOVU XATIRLADIR DİA.AZ: - Bu gün ən çox danışılan mövzulardan biri də ali məktəblərə qəbul imtahanları zamanı abituriyentlərimizin əldə etdiyi uğurlardır. Artıq bütün ölkə imtahanda 700 bal toplayan yeniyetmələrimizi tanıyır. Onlar sanki milli qəhrəman kimi qəbul edilib, qarşılanır. Təbii ki, bütün bunların bir kampaniya olduğunu aşkar surətdə hiss etmək olar. İş Misir Mərdanovun başında imiş… Bəli, dostlar, iş artıq devrilmiş nazir hesab olunan Misir Mərdanovun başında imiş. Azərbaycan təhsilində Mikayıl Cabbarovun nazir postuna gətirilməsilə bir «MİSİR İNQİLABI»nın bənzəri yaşanıldı. Bu inqilaba qədərsə böyük işlər görüldü, ictimai şüurda alt yapı hazırlandı. Bu əsnada xüsusi olaraq fəallıq göstərəni isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və bu komissiyanın səmimiliyinə inanan Azərbaycan mətbuatı oldu. Biz demirik ki, Misir Mərdanov aydan arı, sudan durru imiş. Və biz demirik ki, Misir Mərdanov nazir olduğu dönəmdə Azərbaycanın təhsil sistemini ağlar günə qoymayıb. Bunların hamısı faktdır. Amma fakt olanı həm də odur ki, Misir Mərdanov sistemin qurbanıdır və o, sadəcə olaraq bir mexanizmin vintciyi qədərində təhsilin bərbadlaşdırılması prosesində günahkardır. Bunu hazırki mənzərə sübutlamaqdadır. Bəli, Misir Mərdanov bəlkə də bu gün də təhsil işçisi olaraq çalışanların hər biri qədərində günahkardır, hər biri qədərində məsumdur. Və əgər cəza varsa, tək ona olmalı deyil. Çünki… Gələk əsas mətləbə. DİA.AZ-ın araşdırmaları da təsdiqləyir ki, əslində Misir Mərdanov bəlli bir qrupun fəaliyyəti nəticəsində illər uzunu rəhbərlik etdiyi qurumun başından endirildi. Əslində, o getməli idi və bunu haqq edirdi. Amma bu gün baş verənlər Misir Mərdanovun zavalı obrazının cızılmasına zəmin yaradır. Ən azından ona görə ki, heç nəyin dəyişmədiyi bir şəraitdə iki aylıq dönəmə və özü də məktəblərin tətil dönəminə nazirlik etmiş Mikayıl Cabbarov sanki bir uğur simvolu kimi təqdim olunur. DİA.AZ-ın araşdırmaları da təsdiqləyir ki, Misir Mərdanovun dönəmində məqsədli olaraq ali məktəblərə qəbul imtahanlarına salınan suallar TQDK tərəfindən ağırlaşdırılıb. Xatırladaq ki, bu barədə Misir Mərdanovun nazir olduğu dönəmdə təhsil nazirliyi dəfələrlə həyəcan təbili çalıb. Lakin TQDK və bu quruma səmimi şəkildə inanan Azərbaycan mətbuatı daha çox Misir Mərdanovu günahkar çıxarıb ki, nədən şagirdlərimiz institutlara qəbul olacaq qədərində bilik sahibi deyillər. Amma indi Misir Mərdanov yoxdur, birdən-birə şagirdlərimiz vunderkid səviyyəsində nailiyyətlər nümayiş etdirməyə başlayıblar. Daha kimsə qayıdıb demir ki, axı bu şagirdlər də Misir Mərdanovun dönəmində yetişiblər… Axı bu şagirdlər də TQDK tərəfindən yararsız elan olunan dərslikləri oxuyaraq bu nəticəyə varıblar… Kimsə bu barədə danışmır. Hamı 700 bal toplayanlardan, minlərlə 600 bal səddini keçənlərdən danışaraq «nə yaxşı ki, Misiri nazir postundan aldılar» deyibən köks ötürür. Necə də sadəlövhük… Geri qayıt |