Əsas Səhifə > Gündəm, Manşet > ÜSYANKAR KƏNDDƏ SÜKUT

ÜSYANKAR KƏNDDƏ SÜKUT


26-12-2011, 09:21
ÜSYANKAR KƏNDDƏ SÜKUT

DİA.AZ-IN ƏMƏKDAŞINI YEVLAXIN KƏNDLƏRİNDƏN QOVDULAR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Yevlax rayonunun Bəydilli kəndinin sakinləri də etirazlara başlayıblar. Onu da bildirək ki, artıq Azərbaycanın bölgələrində insanlarımızın səbr kasaları daşmaq üzərədir. Dünənə qədər «dözümlü xalq» adlandırılan və başına sığal çəkilib min bir oyuna salınan camaatımız artıq baş verən epybəcərliklərə dözmək niyyətində olmadığını zaman-zaman ortaya qoymaqdadır. Ki, bunun da ən bariz nümunələrindən biri Lənkəranda yaşandı.

Məlumatımızda qeyd etmişdik ki, keçən həftənin çərşənbə günü səhər saatlarında Bəydilli kəndindəki orta məktəbin müəllimləri və kənd camaatı ayağa qalxıblar. Səbəbsə məktəbə verilən elektrik enerjisinin kəsilməsi, məktəblilərin soyuq otaqlarda dərs keçməsi olub.

Məlumata görə, elektrik enerjisinin bərpasını tələb edən sakinlərdən yerli bələdiyyənin sədri Allahverdi Allahverdiyev 60 manat pul tələb edib: «Müəllimlərə bildirib ki, həmin pulu şagirdlərdən yığsınlar və bundan sonra məktəbə gələn kabel dəyişdiriləcək».

Onu da bildrək ki, bu məlumatımızın ardından Yevlaxda aləm bir-birinə dəyib. Və rayona ezam olunmuş əməkdaşımızın sözlərindən aydın olur ki, onu rayonda əməlli-başlı xalq düşməni kimi qarşılayıblar. Təbii ki, sakinlər yox, yerli məmurlar.

Həm Bəydilli kəndində və həm də bu kəndə yaxın Gülövşə kəndində olan əməkdaşımıza hər iki kəndin bələdiyyə sədri olan Allahverdi Allahverdiyev hədə-qorxu da gəlib, ondan kəndə girə bilməsi üçün rəsmi icazənin olub-olmadığını da tələb edib.

Əməkdaşımız bildirir ki, Bəydilli kəndinin sakinləri bir günün içində əməlli-başlı qorxudulub: «Araşdırma apardığım zaman öyrənə bildim ki, hətta məktəb işçiləri də hədələnib. Halbuki onlar soyuq otaqlarda dərs keçmək məcburiyyətində qalıblar». Əməkdaşımızın sözlərinə görə, artıq kənd məktəbinə elektrik enerjisinin verilməsi bərpa olunub: «Həmin 60 manat pulla bağlı məsələyə də aydınlıq gətirdim. İndi iddia edirlər ki, sən demə, bələdiyyə sədri məktəb direktorundan borc istəyibmiş. Yəni hətta məktəbin şagirdlərinə də eyni qaydada müraciət edib».

Amma buna baxmayaraq bəzi kənd sakinləri müxbirimizin diktafonuna dərdlərini danışmaqdan çəkinmədilər: «Məktəbimiz 4 illikdir. Yuxarı sinif şagirdləri məcburdurlar ki, hər gün dərsə gedə bilmələri üçün 3 kilometr uzaqlıqda yerləşən Gülövşə kəndinə getsinlər. Dəfələrlə təhsil nazirliyinə, yerli icra strukturlarına müraciət etsək də, bizi eşidən yoxdur. Heç olmasa məktəbimizi 9 illik etsinlər».

Sakinlər daha sonra dolanışığın çətin olduğundan da danışdılar: «Əvvəllər Mingəçevir şəhərinin zavod və fabriklərində işləyib ailəmizi dolandırırdıq. İndi həmin yerlər də işləmir. Hamımız təsərrüfatla dolanırıq. Bizdə imkan hardadır ki, hələ kiməsə pul da verək».

Əməkdaşımız bildirir ki, sakinlər eyni zamanda 4 il əvvəl tikilmiş yeni məktəbin qazanxanasının işləməməsindən də gileyləndilər. Bu zaman isə bələdiyyə sədri Allahverdi Allahverdiyev əməkdaşımızı hədələməklə yanaşı, ona qarşı təhqiredici ifadələr də işlədib ki, artıq bununla bağlı müvafiq qurumlara müraciət də edilib. Əməkdaşımızın kənd sakinləri ilə təmasına əngəl törədən bələdiyyə sədri istəyinə çatsa da, Yevlaxla bağlı, eyni zamanda Bəydilli kəndindəki məmur özbaşınalıqlarından çox ciddi informasiyalar əldə etmişik. Yaxın günlərdə diqqətinizə çatdıracağımız həmin məlumatlardan siz də biləcəksiniz ki, kimlər Bəydillidə yerləşən köhnə orta məktəbi qızının adına qanunsuz olaraq sənədləşdirib, hansı məmur Yevlax kəndlərinin asfaltlanması üçün nəzərdə tutulan pulu cibinə qoyub və s. Bizi izləyin…


Geri qayıt