Əsas Səhifə > Gündəm, Manşet > AZAD RƏHİMOVU KİMLƏR HƏDƏFƏ ALIB?

AZAD RƏHİMOVU KİMLƏR HƏDƏFƏ ALIB?


26-12-2011, 09:18
AZAD RƏHİMOVU KİMLƏR HƏDƏFƏ ALIB?

GİN ŞEFİ POSTUNA DEPUTATLARDAN BİRİ TAMAH SALIB

DİA.AZ: - «Gənclər və idman naziri Azad Rəhimovun mövqeləri zəfiləyib» deyən hakimiyyət içindəki mötəbər qaynaq idda edir ki, yaxın müddət ərzində bu dövlət qurumunda rəhbər dəyişikliyi həyata keçirilə bilər. Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, əslində hakim ailə ilə yaxın münasibətlərdə olan Azad Rəhimova qarşı çox ciddi qüvvələr səfərbər olub.

«Burada bir neçə maraqlı qüvvə var. Onlardan biri Prezident administrasiyasıdır. Azad Rəhimova qarşı fəaliyyət göstərən bu cinahın hətta nazir postuna konkret namizədi də var» deyən məlumatlı mənbə idida edir ki, millət vəkillərindən birinin Azad Rəhimovun yerində gözü var və həmin millət vəkili davamlı olaraq nazir ola bilməsi üçün müxtəlif növ kampaniyaları həyata keçirib və indinin özündə də eyni istiqamətdə külüng vurmaqdadır.

Digər bir qrup isə nazirin elə öz çevrəsində qərarlaşıb: «Əslində Azad Rəhimov Əbülfəz Qarayevin transferindən sonra öz komandasını formalaşdırmalı idi. Amma ona bu imkan tanınmadı. İndi də bunun bəlasını çəkir».

Mənbə ida edir ki, Azad Rəhimova qarşı fəaliyyətdə olan sözügedən qrup nazirlik daxilində baş verən «məhrəm hadisələrin» belə mətbuat səhifələrinə yol tapmasında bir növ vasitəçi rolunu oynamaqdadır: «Təbii ki, onlar bu fəaliyyətlərində çox ciddi «oseçka»lar buraxırlar. Yəni elə faktlar mətbuata ötürülür ki, həmin bilgilər yalnız bir-iki nəfərdə ola bilər. Bu səbəbdən nazir həmin ünvanları asanlıqla müəyyən edə bilir».

Amma Azad Rəhimovun hətta bu halda belə susqun davranması da onun öz əleyhinə işləməkdədir, lakin yenə də nazirin başqa bir yolu yoxdur. Bu barədə danışan mənbəmiz onu da vurğuladı ki, Azad Rəhimov əslində Artur Rəsizadə kimi ən dişsiz fiqurlardan biridir: «O, təbii ki, nazir kimi fəaliyyətində daha çox iş görməyə çalışır. Amma onun da yetərincə qüsurları var. Və eyni zamanda fəaliyyəti zamanı bir çox oliqarxların maraqlarını da təmin etməli olur. Təmin olunmayan maraqlar isə nəticədə nazirə qarşı yeni qüvvələri formalaşdırmış olur. Bu isə Azad Rəhimov kimi əslində yeni bir məmur üçün çox ciddi problemlər yaradır. O, hətta bu müddət ərzində belə köhnə oliqarxlarla ayaqlaşmağı öyrənmədiyindən, bu gün qarşısında ciddi alternativlər ordusu var».


Geri qayıt