Əsas Səhifə > Güney Press > FƏHMİN HACIYEV: "MİLLİ ŞURADA KEYFİYYƏT ÇOX AŞAĞIDIR"
FƏHMİN HACIYEV: "MİLLİ ŞURADA KEYFİYYƏT ÇOX AŞAĞIDIR"15-07-2013, 18:00 |
![]() AXCP sədrinin müşaviri Fəhmin Hacıyev iyulun 14-də partiya üzvlüyündən və müşavirlikdən istefa verdiyini bildirib. F.Hacıyev bəyanatının sonunda Milli Şuranı sonadək dəstəkləyəcəyini vurğulayıb. Bu hadisələrlə bağlı Hafta.az-ın əməkdaşı hazırda Ukraynada yaşayan F.Hacıyev ilə əlaqə saxlayıb. AXCP sədrinin keçmiş müşavirinin Hafta.az-a müsahibəsini təqdim edirik. - Fəhmin bəy, son günlərdə baş verən siyasi proseslərlə bağlı fikrinizi öyrənmək istəyirik. - Mən ümumiyyətlə, heç kimə müsahibə vermirəm. Çünki fikirlərimin təhrif olunmasını istəmirəm. Bir də indiki məqamda sözün həqiqi mənasında danışmaq istəmirəm. Elə həqiqətlər var ki, deyə bilmirəm. İndidən kimlərinsə məni nədəsə ittiham etməsinə şərait yaratmaq istəmirəm. AXCP-dən getməyim haqda çox danışmaq istəmirəm. Sadəcə getdim. - İstefa verməyinizin səbəbi nə idi? - Səbəb - sadəcə bir yerdə fəaliyyət göstərmək daha mümkün olmadı. - Axı bu günə kimi bir yerdə. Yəqin indi nəsə baş verdi ki, ayrıldınız... - Səbəb bir anda formalaşmır. Uzunmüddətli münasibətlərin nəticəsidir. Heç kimlə də məsləhətləşmədim. - İstefa vermənizdə Milli Şuranın rolu oldumu? - AXCP-dən istefa verməyimə təbii ki, Milli Şuranın rolu olub. Bu barədə geniş danışmaq istəmirəm. Sadəcə onu deyirəm ki, Milli Şuranı sonadək dəstəkləyəcəyəm. Amma hələ ki, onun üzvü deyiləm. - Yeni partiya yaradacağınızı bildirmisiniz. Bu istiqamətdə iş görürsünüzmü? - Bu il seçki ilidir. Azərbaycanda 1993-cü ildən sonra siyasi palitra sistemi dəyişməyib. Eyni iqtidar, eyni müxalifətdir. Builki seçkidən sonra nəticədən asılı olmayaraq, yeni situasiya yarana bilər. Sosial tələbat yeni bir siyasi partiyanın yaranmasını tələb edə bilər. O zaman ictimai və siyasi fəallar, ziyalılar qoşularsa, yeni partiya yaratmaq olar. Bu yaranacaq situasiyadan asılıdır. Amma partiya işləri indiki zamanda aktual deyil. - Azərbaycana gəlmək fikriniz varmı? - Mən iki il əvvəl AXCP sədr müavini Asəf Quliyevə Azərbaycana qayıdıb fəaliyyət göstərmək istədiyimi dedim. Dedilər ki, qal orada. Amma Azərbaycana qayıdacağam və fəaliyyətimi orada davam etdirəcəyəm. Nə vaxt qayıdacağım isə hələ bəlli deyil. Bir iqtisadi problem var, onu həll edib yaxın zamanda gələcəyəm. - Milli Şura “vahid” və “ehtiyat” namizədi ilə bağlı yanaşmalar qarışıqlıq yaratdı. Bu məsələdə mövqeniz nədir? - Müsavat Partiyasının qərarı var. Buna hörmətlə yanaşmaq lazımdır. Onlar Milli Şuranın vahid namizədinə qarşı çıxmır. Amma hadisələr başqa cür cərəyan etsə, onlar partiyanın mövqeyindən çıxış edəcək. - Milli Şura tam tərkiblə seçkiyə qatıla biləcəkmi? - Milli Şuranın tərkibinə diqqət yetirsək, orada kimlərin təmsil olunmasından asılı olmayaraq kəmiyyət çox olsa da, keyfiyyət çox aşağıdır. Milli Şura iki-üç siyasi liderin təsiri altındadır. Bu adamlar sona kimi bir yerdə olsa, anlaşsalar, onda Milli Şura seçkiyə qatıla biləcək. Geri qayıt |