Əsas Səhifə > Ölkə > “RAFİQ TAĞININ QATİL(LƏR)İ ARTIQ AZƏRBAYCANDA DEYİL”
“RAFİQ TAĞININ QATİL(LƏR)İ ARTIQ AZƏRBAYCANDA DEYİL”23-12-2011, 14:25 |
EKSPERT BELƏ HESAB EDİR Dekabrın 23-də yazıçı-publisist Rafiq Tağının ölümünün bir ayı tamam olur. Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır. Dekabrın 23-də “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov “Media forum” saytının əməkdaşı ilə söhbətində bildirib ki, hüquq mühafizə orqanları cinayətin istintaqına peşəkarların qoşulduğunu açıqlayıb: “Bizim hüquq mühafizə orqanları həmişə bəyan edir ki, ölkədə cinayətlərin 85-90 faizi açılır. Halbuki inkişaf etmiş ölkələrdə bu rəqəm 40-45 faizdən o yana keçmir. Əgər bizim hüquq mühafizə orqanları özlərinin iddia etdiyi kimi operativdirsə, niyə hələ də xəbər vermirlər ki, bu, qətldir, terrordur, yoxsa məişət zəmində baş vermiş bir hadisədir. Düşünürəm ki, cinayəti törətmiş şəxs və yaxud şəxslər artıq ölkəni tərk edib. Çünki o cinayəti törədənlər həmin cinayəti araşdıran peşəkarlardan daha operativ işləyirlər. Digər tərəfdən, bu qətl bütün dünyanın diqqət mərkəzindədir. Neçə-neçə beynəlxalq qurum Azərbaycan hökumətindən tezliklə cinayətin üstünün açılmasını istəyib. Hakimiyyət bilməlidir ki, bu tipli cinayətlərin üstünün açılmaması Azərbaycanın nüfuzuna ciddi xələl gətirir”. Geri qayıt |