Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIN OBYEKTİNDƏ CEYRAN FIRILDAĞI
DEPUTATIN OBYEKTİNDƏ CEYRAN FIRILDAĞI11-07-2013, 10:21 |
HÜSEYNBALA MİRƏLƏMOV ÇƏPİŞ ƏTİNDƏN NECƏ CEYRAN KABABI BİŞİRTDİRİR DİA.AZ: - Milli Məclisin deputatı, yazıçı-dramaturq və biznesmen Hüseynbala Mirələmovun çoxşaxəli fəaliyyəti yenidən ölkə mətbuatının gündəminə gətirilir. Məlum olduğu kimi Bakının girəcəyində, sahil zonasında yerləşən və H.Mirələmova məxsus olan “1001 gecə” istirahət mərkəzində hələ ötən il baş verən qanlı insidentdən sonra həm millət vəkilinin özü, həm də onun bu hadisəni törədən qardaşı oğlu Rəşad Mirələmovla bağlı kütləvi informasiya vasitələrində maraqlı məlumatlar yayımlanmaqda idi. Məlumatlarda bildirilirdi ki, Rəşad Mirələmovun cinayətkar aləmlə əlaqəli olduğunu deyən deputat daim qardaşıoğluna dəstək verib. Hətta bundan əvvəl qətl törətdiyinə görə həbsxanaya düşən qardaşıoğlunun vaxtından azad edilməsini də Hüseynbala Mirələmov öz əlaqələri hesabına təmin edib. Məlumatlarda o da qeyd olunurdu ki, Fazil Mirələmovun 11 saylı cəzaçəkmə müəssisəsindən 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi də təsadüfi olmayıb. Məsələ burasındadır ki, 2010-cu il parlament seçkiləri zamanı Hüseynbala Mirələmov məhz Xətai rayonundan namizədliyini verib və oradan mandat alıb. 7 saylı həbsxana da bu ərazidə yerləşir. Seçki vaxtı Hüseynbala Mirələmov həmin cəzaçəkmə müəssisəsində məhkumların şəraitini yaxşılaşdırmaq istiqamətində bir sıra işlər görüb və buna görə də məhkumlar arasında böyük hörmət də qazanıb. Bu baxımdan deputat qardaşı oğlunu nüfuz sahibi olduğu kaloniyaya köçürüb. Daha sonra məlumatlarda qeyd olunmuşdu ki, Rəşad Mirələmov həbsxanada olarkən kriminal aləmin nüfuz sahibləri ilə problem yaşayıb. Deputatın qardaşı oğlu məhkumlarla həbsxana rəhbərliyi arasında yaranan narazılıq səbəbindən orada yanğın törədib. Lakin bu addım həbsxananın nüfuz sahibləri ilə razılaşdırılmayıb. Bu isə kriminal qaydalara ziddidir. Xatırladaq ki, Rəşad Mirələmov “1001 gecə” istirahət kompleksində odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu öldürüb, Imişli rayon sakini Mənsimov Səməd Ibadət oğlunu isə yaralayıb. Lakin Hüseynbala Mirələmovun adı heç də həmişə təkcə “gurultulu” olaylarla bağlı gündəmə gəlmir. Eyni zamanda bəzi dələduzların törətdikləri xırda fırıldaqçılıq əməllərinin araşdırılması da bu deputata məxsus məkanlara aparan izlər aşkarlamağa imkan verir. Belə ki, bir müddət əvvəl ölkə mətbuatında Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov tərəfindən törətdildiyi iddia olunan bəzi qanun pozuntularına dair məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarda göstərilirdi ki, B.Nəsirovun deputat Hüseynbala Mirələmovla da müəyyən əlaqələri var. DİA.AZ-a daxil olan məlumatlara görə, təhsil sahəsindən daha çox qəssablıqla məşğul olan Balaşirin Nəsirov Lerikdə 1 kiloqramı 5 manata olan çəpiş, keçi ətini həmin H.Mirələmova məxsus istirahət “1001 gecə” istirahət mərkəzində ceyran əti adı ilə satdırır. Digər tərəfdən isə son vaxtlar Hüseynbala Mirələmovun həm bir dramaturq, həm də millət vəkili kimi fəaliyyəti tez-tez haqlı olaraq tənqid hədəfinə çevrilməkdədir. Bu xüsusda dərc olunan məlumatlarda belə fikirlərə çox rast gəlmək olar: “Hüseynbala Mirələmovun deputatlıq fəaliyyəti "10" ballıq qiymət şkalası ilə "3" qiymət həddinə ancaq yetər. Çünki deputat kimi o, nə ölkə daxilində, nə də xaricində yaddaqalan bir iş və əməl sahibi olmayıb.” Millət vəkilinin dramaturji fəaliyyətinə gəlincə isə, bu barədə DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, ölkə mətbuatında Mirələmov yaradıcılığını təbliğ edən xüsusi qəzet var. Bu qəzetin redaksiyası da Azərbaycan Nəşriyyatının 2-ci mərtəbəsində yerləşir. Azərbaycan Nəşriyyatının dəhlizlərində isə məhz bu qəzetin redaktorunun Mirələmov yazıları üzərində işlədiyi haqqında da söz-söhbətlər gəzir. Geri qayıt |