Əsas Səhifə > Gündəm, Manşet > SAMİR ŞƏRİFOVDAN «FÖVQƏLNAZİR»Ə TƏLƏ
SAMİR ŞƏRİFOVDAN «FÖVQƏLNAZİR»Ə TƏLƏ23-12-2011, 12:25 |
HAKİM DÜŞƏRGƏDƏ YENİ GƏRGİNLİK NÖQTƏLƏRİ DİA.AZ: - Bir müddət öncə maliyyə naziri Samir Şərifovun qərb dairələri tərəfindən müdafiə olunaraq hazırlandığı haqda həm ölkə, həm də xarici mətbuatda yazılar dərc olundu. Bu yazılarda gənc nazirin hakimiyyət daxilindən hazırlanan «məxməri» inqilabın başçısı kimi təqdim olunurdu. Bəzi siyasi ekspertlər isə S.Şərifovun eyni planın icrası üçün baş nazir postuna gətiriləcəyini proqnozlaşdırırdı. Hakimiyyət düşərgəsinə yaxın mənbələrdən gələn məlumatlara görə, artıq bəlli ssenarinin işə salınmasına başlanıb. İlkin addım kimi isə S.Şərifovun səlahiyyətlərinin və komanda daxilindəki nüfuzunun artırılması üçün Vergilər Nazirliyi Maliyyə Nazirliyinə birləşdiriləcək. Hər iki nazirliyi özündə birləşdirən yeni qurumun rəhbəri isə Samir Şərifov olacaq. Amma bu məlumatın maraq doğuran başqa bir tərəfi var. Vergilər Nazirliyinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğunu nəzərə alsaq, deməli, Samir Şərifov bu məsələdə «fövqəlnazir»lə üz-üzə gəlib. Əslində bu iki nazir arasında çoxdandır ki, gizli mübarizə gedir. Səbəb isə Kəmaləddin Heydərovun Maliyyə Nazirliyini də öz nəzarətinə götürmək istəyidir. Hələ sabiq maliyyə naziri Əvəz Ələkbərov istefaya göndəriləndə Kəmaləddin Heydərov bu posta Hesablama Palatasının sədri Heydər Əsədovu gətirmək istəyirmiş. O zaman Heydər Əsədov Maliyyə Nazirliyində xəzinədarlıq idarəsinin rəisi idi. Lakin Kəmaləddin Heydərov istəyinə nail ola bilmədi. İlham Əliyev Samir Şərifovu bu posta təyin etdi. Samir Şərifov da maliyyə naziri olduqdan az sonra Heydər Əsədovu işdən azad etdi. Düzdür sonradan Heydər Əsədov Hesablama Palatasının sədri təyin olundu, amma qısa müddət ərzində Samir Şərifov keçmiş işçisini tam iflic vəziyyətə saldı. İndiki şəraitdə isə maliyyə naziri Kəmaləddin Heydərova növbəti zərbəni vurmaq istəyir. Əlbəttə ki, maliyyə naziri «fövqəlnazir»lə təkbaşına savaşa girmək iqtidarında deyil. Bu savaşda Kəmaləddin Heydərovun hakimiyyətdəki rəqibləri də Samir Şərifova dəstək verirlər. Məlumatlarda bildirilir ki, maliyyə naziri növbəti il üçün bütün vergi növləri üzrə azalmaların baş verməsini əsas gətirərək Vergilər Nazirliyinin ayrıca qurum kimi fəaliyyətinə ehtiyac görmür. Artıq hakimiyyət dəhlizlərində bu məsələ müzakirə olunmaqdadır. Lakin Kəmaləddin Heydərov ciddi-cəhdlə Samir Şərifov və rəqiblərinin bu planına qarşı çıxır. Vergilər Nazirliyi Kəmaləddin Heydərovun əlində Dövlət Gömrük Komitəsindən təsirli rıçaqdır. Bəllidir ki, «fövqəlnazir» biznes imperiyasını məhz bu iki qurumun hesabına genişləndirib. Kəmaləddin Heydərov biznesin hansısa sahəsində onunla rəqabətə girənləri Dövlət Gömrük Komitəsi, yaxud da Vergilər Nazirliyi vasitəsilə neytrallaşdırır. Məhz bu səbəbdən hakimiyyətdəki rəqibləri Vergilər Nazirliyinin Kəmaləddin Heydərovun nəzarətindən çıxarılmasına çalışır. İndiki halda isə Samir Şərifovun yüksəlişinin «fövqəlnazir»ə qarşı yönələn istiqamətdə qurulması bütövlükdə bu planda K.Heydərovun qurban verilə biləcəyini göstərir. Geri qayıt |