Əsas Səhifə > Partiya > KEÇMİŞ SPİKERİN SUALLARI VAR

KEÇMİŞ SPİKERİN SUALLARI VAR


23-12-2011, 12:17
KEÇMİŞ SPİKERİN SUALLARI VAR

RƏSUL QULİYEV AZƏRBAYCAN XALQINA İKİ SUALLA MÜRACİƏT EDİB

Milli Məclisin sabiq sədri, ABŞ-da yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Müqavimət Hərəkatının proqramının preambulasını ictimai müzakirəyə çıxarıb.

“Media forum” saytının məlumatına görə, Rəsul Quliyev qeyd edib ki, Azərbaycan xalqı hansı quruluşda yaşadığını dəqiq bilməlidir və ictimai münasibətlərin Azərbaycandakı kimi tənzimlənməsi ilə razılaşıb-razılaşmadığını müəyyənləşdirməlidir: “Azərbaycan xalqı repressiya rejiminin yox, istəyinin, arzusunun qulu olmalıdır. Öz istəyinin yox, başqasının istəyinin qulu olan xalqın gələcəyi ola bilməz. Xarici bər-bəzəyə baxmayaraq Azərbaycan bu gün quldarlıq və feodal quruluşlarının qarışığı olan bir ictimai formasiyanın içindədir və insanların yaşayışı bütün aspektlərdə həmin quruluşa uyğundur”.

Azərbaycan məhkəmələrindən söz açan eks-spiker bildirib ki, əhalinin azı 90 faizinin öz haqlarını müdafiə etmək şansı yoxdur: “İnsanlar arasında münasibətlərin tənzimlənməsində əsas və yeganə arbitr rolu oynamaq üçün yaradılan məhkəmə sisteminin olmaması hansı quruluşda olub? Əlbəttə, quldarlıq quruluşunda. Prezident vəzifəsinin hər dəfə zorla ələ keçirilməsini, seçkilərin saxtalaşdırılmasını hansı quruluşa aid etmək olar? Sözsüz ki, quldarlıq və feodal quruluşunun qarışığına. Çünki kapitalizmin əsas şərti azad və düzgün seçkilərin keçrilməsidir, o olmasa quruluş heç vaxt kapitalizm adlandırıla bilməz”.

Sonda Rəsul Quliyev Azərbaycan xalqına suallarla müraciət edib: “Belə bir rejimdə yaşamağı davam etdirməyə razısınızmı? Necə istəyirsiniz adlandıraq - demokratiya uğrunda Müqavimət Hərəkatı və ya diktaturaya qarşı Müqavimət Hərəkatının yaradılmasını dəstəkləyirsinizmi?”

1993-1996-cı illərdə Milli Məclisin sədri olmuş Rəsul Quliyev 15 ildən çoxdur ABŞ-da mühacir həyatı yaşayır. Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb.

2011-ci il dekabrın 2-də o, Azərbaycan hakimiyyətini 1995-ci ildən bəri keçirilmiş bütün seçkiləri saxtalaşdırmaqda, total korrupsiyada günahlandıraraq Müqavimət Hərəkatı yaratmaq niyyətində olduğunu açıqlayıb.


Geri qayıt