Əsas Səhifə > Güney Press / Manşet > “AZƏRSU”DA DÖVLƏTİN PULLARI TALAN EDİLİR

“AZƏRSU”DA DÖVLƏTİN PULLARI TALAN EDİLİR


5-07-2013, 16:02
“AZƏRSU”DA DÖVLƏTİN PULLARI TALAN EDİLİR
DİA.AZ: - Respublikamız hər il yay mövsümündə müxtəlif problemlərlə üzləşir. İstər şəhərdə, istərsə də regionlarda kommunal xidmət sahələri ilə bağlı bir sıra çatışmazlıqlar meydana çıxır. Xüsusən də su ilə təminat məsələsində. Elə son günlər xəbər saytlarında da “Filan rayona iki gün su verilməyəcək” başlığını görmək vərdişimizə çevrilib.

Hər yay öncəsi müvafiq qurumların rəsmiləri mövsümə hazır olduqlarını desələr də, istilər düşən kimi hansı səviyyədə hazır olduğunu görürük. Bildirək kii, bu yay sezonu həm da yağışları ilə də diqqətə gəldi. Doğrudur, hələlik rayonlarımız yağış-sel sularından problemlə üz-üzə qalıb. Amma paytaxta da bu arada güclü yağış proqnozlaşdırlır. Amma biz Bakının yayda olmasa da, qışda yağışlar içində necə üzməsinə tam olaraq şahidlik etmişik.

Bu bir faktdır ki, Bakıya, eləcə də ətraf ərazilərə yağış yağan kimi hər tərəf gölməçəyə çevrilir. Yağış sularının axıntısı üçün kanalizasiya sistemi və kollektorlar normal qurulmadığından bu tip problemləri tez-tez yaşayırıq. Nəzərinizə çatdıraq ki, xarici ölkələrdə yağış suları üçün ayrıca kanalizasiya xətləri çəkilir. Qeyd edək ki, Azərbaycanda da bu sahəyə hər il milyonlarla manat vəsait ayrılır. Amma ayrılan pullarla görülən işlər arasında böyük fərq var. "Azərsu" Səhmdar Cəmiyyətinin (SC) tabeliyində olan işlər lazımi şəkildə və keyfiyyətdə həyata keçirilmir.

Xatırladaq ki, ötən il "Azərsu"ya dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ayrılan vəsaitdir.

Son 5 ildə (2005-2010) təkcə Bakı şəhərində yağış kollektoru və kanalizasiya xətlərinin bərpasına və yeni xətlərin tikintisinə ümumilikdə 94 milyon 859 min 200 manat vəsait yönəldilib. Həmin dövr ərzində dövlət büdcəsindən bu istiqamətə ən böyük vəsait ayırmaları 2008-ci ilə (35 milyon 690 min manat) təsadüf edir. Bundan başqa, 2005-2010-ci illər ərzində paytaxtın su ilə paralel kanalizasiya xətlərinə də ayrıca vəsait xərclənib. Büdcə sənədlərinə əsasən, son illərdə yalnız yağış xətlərinin tikintisinə də vəsait sərf olunub. Belə ki, 2010-cu ildə Nobel prospektində Keşlə yağış kollektorunun Zığ özüaxımlı kollektoruna birləşdirilməsinə 190 min, həmin prospektdə 8-ci kilometr yağış kollektorunun Zığ özüaxımlı kollektoruna birləşdirilməsinə isə 171 min manat ayrılıb. Bundan başqa, 2006-cı ildə Ə.Ələkbərov, Akimov, Dadaşov küçələri üzrə Tbilisi prospektindən başlayaraq kanalizasiya kollektorunun qurulmasına 500 min, 2008-ci isə ildə Bibiheybətdə 32 saylı kanalın yenidən qurulması, ərazidəki yaşayış massivlərinin təsərrüfat-məişət və yağış kanalizasiyasının və təmizləyici qurğuların tikintisinə 1 milyon manat xərclənib.

Yuxarıda qeyd olunan rəqəmləri DİA.AZ olaraq açıqlamaqda məqsədimiz bu pulların müqabilində heç bir iş görülmədiyini aşkara çıxarmaqdır. Bu gün paytaxtın mərkəzi küçələrində yağış kollektorları yox dərəcəsindədir. Deyəcəksiniz ki, yayın istisində nəyin davasını döyürük. Amma əbəs yerə. Haqlı olaraq, deyirlər ki, qışın tədarükünü yayda gör. Xüsusən də yayımızla qışımızı ayıra bilmədiyimiz indiki zəmanədə...

Yağış yağan kimi həmin küçələr su altında qalır. Çox maraqlıdır ki, "Azərsu" rəsmiləri bu problemi boyunlarından atmağa çalışır və yağış kollektorlarının tam şəkildə işlədiyini deyirlər. Həqiqətə qalanda isə məlum olur ki, bir-iki yağış kollektorundan başqa, qalanları yağış sularının axıntısını həyata keçirmək gücündə deyil. Onların əksəriyyəti sıradan çıxıb və yenilənmə dövrünə çatıb. Təəssüf ki, dövlət büdcəsindən sahəyə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Bütün bu işlərin yekun nəticəsi olaraq deyə bilərik ki, qarşıdan gələn bolluca yağışı payız və qış fəslində paytaxtı çox böyük təhlükələr gözləyir.

"Azərsu" sədri Qorxmaz Hüseynov isə sadalanan problemlərin həllində maraqlı görünmür. O, quruma rəhbər təyin olunandan sonra yaxın qohumlarına məxsus şirkətlərə layihə verməklə işini bitmiş sayır. Beləcə, "Azərsu"ya ayrılan milyonlar onun yaxın qohumlarının şirkətində göyə sovrulur. Məlumat üçün bildirək ki, Q.Hüseynovun qardaşı olduğunu bildirilən Məhəmməd Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir.

Bu MMC "Azərsu" üçün 1,5 mln. manata Korgöz qəsəbəsinə su xətti çəkib. "Hidro-İnşaat Servis" MMC isə 2011-ci ildə Q.Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra "Azərsu"nun layihələrinə cəlb olunub. "Azərsu" prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə "Hidro-Lotus" MMC-dir. "Hidro-Lotus" MMC, "Hidro-İnşaat Servis" MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. "Hidro-Lotus" MMC-nin 70 faizi "Hidro-İnşaat Servis"ə, 30 faizi isə Türkiyənin "Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi"nə (qısaca "Lotus") məxsusdur. Şirkətlərin yaranma tarixini araşdıranda məlum olur ki, onlar Q.Hüseynovun "Azərsu"ya gəlişindən sonra qeydiyyata alınıblar.

Göründüyü kimi, Q.Hüseynov paytaxtın həm su, həm də kanalizasiya problemlərinin həllində lazımi şəkildə diqqət göstərə bilmir. SC-nin həyata keçirdiyi işlərin əksəriyyəti isə yarımçıq qalıb. Aidiyyəti qurumlar "Azərsu"nun həyata keçirdiyi layihələr və keçirilən tenderlərdə hansı fırıldaqların baş verməsi ilə bağlı araşdırma aparsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər.

Qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.

Geri qayıt