Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI MƏMUR KORPUSU ÇIXIR

RAMİZ MEHDİYEVƏ QARŞI MƏMUR KORPUSU ÇIXIR


5-07-2013, 10:08
RAMİZ MEHDİYEVƏ QARŞI MƏMUR KORPUSU ÇIXIR
MƏMURLAR RUSİYANIN BİR NÖMRƏLİ ADAMINA QARŞI KAMPANİYA BAŞLATDI

DİA.AZ: - Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət dairələri üçün gərgin anların da məsafəsi daralmaq üzərədir. Hər halda, bugünkü şəraitdə siyasi müstəvidə cərəyan edən olaylardan belə bir qənaəti formalaşdırmaq olduqca asandır. Nə baş verir?

İlkin görünəni odur ki, yenə də iqtidar daxilindəki ənənəvi qara qüvvələr süni düşmən(lər) obrazı yaradaraq özlərinə ehtiyacın olması barədə fikir formalaşdırma naminə, əslində bütün hakimiyyətin özünü hədəfə çevirməklə məşğuldur. Faktdır ki, yanlış hədəflər nəhayətdə məğlubiyyəti qarantii edir. Və bu gün yeganə hədəfi hakimiyyətin qara piar üçün nəzərdə tutduğu beş-on qəpiyə sahiblənmək olan sözügedən qüvvələr fərqində deyillər ki, hansısa müsavatçını, hansısa cəbhəçini «xalq düşməni» elan edərək onların timsalında «Bin Laden»in təqdimatını təşkil etmələri real təhlükələrin dəf olunmasını çətinləşdirməklə bərabər, hakimiyyətin onsuz da son zamanlar yetərincə öləzimiş reputasiyasına böyük zərbə vurmaqdadır.

Bununla bağlı DİA.AZ-a fikirlərini bölüşən hökumət içindəki mənbə bildirir ki, əslində həmin qüvvələrin haradan və necə qidalanması ilə bağlı zaman-zaman dövrü mətbuatda yazılar yazılıb və hətta açıq fikirlər də səsləndirilib. Dəfələrlə bu kimi olaylara sərt reaksiyası ilə diqqətə gələn Zeynəb Xanlarova hətta bu ilin may ayında birbaşa olaraq Prezident Administrasiyası rəhbərliyinin adını da çəkdi. Və bəyan etdi ki, bu istiqamətdən verilən əmrlər birbaşa olaraq hakimiyyəti zərbə altına qoyur.

Məlumatlı mənbə bildirir ki, əslində Kremlin basqıları fonunda xırda yalançı hədəfləri bütün arsenalı ilə bombardman edən hakimiyyət günlərin birində rusları qapılarında görərlərsə, buna heyrətlənməməlidirlər: «Çünki bu gün ölkədə baş verənlər, həmçinin bu baş verənlərə reaksiyalar heç də gözlənilən səviyyədə deyil. Hələ də Ramiz Mehdiyev xəttinin əlahiddəliyi hiss olunmaqdadır. PA şefi isə ənənəvi üsulla seçkiləri yola verməyi düşünür. Onun ənənəsində isə xalqla düşmənçilik, prezidentlə xalq arasındakı bağların aradan qaldırılması prioritet təşkil edir. Belə bir situasiyada ilk qərar Ramiz Mehdiyevin istefaya göndərilməsi olmalıdır».

Mənbəmiz iddia edir ki, artıq bu real təhlükəni görən bəzi məmurlar hətta Ramiz Mehdiyevə qarşı imza toplamağa da başlayıblar: «Bəli, bu faktdır. Bu gün baş verənlərdən və gözləntilərdən narahat olan yüzlərlə məmur var. Onlar Ramiz Mehdiyevlə bağlı həm faktları və həm də narazılıqlarını prezidentə çatdıra bilmədiklərindən bunu ümumiləşdirərək imzaları ilə birgə prezidentə göndərmək fikrindədirlər».

Mənbəmiz onu da əlavə edib ki, hələlik məxfi şəkildə həyata keçirilən bu kampaniyanın təşkilatçıları da ənənəvi antimehdiyevçi cinahdır.

Onu da bildirək ki, Rusiyanın Azərbaycandakı bir nömrəli adamı kimi tanınan Ramiz Mehdiyevin bu gün Kremlin ölkəmizlə bağlı planlarında əlahiddə yer tutması da bir faktdır. Hər halda, Kremlə Bakının münasibətlərindəki gərginliyin nə zaman artması tarixlərinə də nəzər salma8q yetərlidir. Məhz Mehdiyevlə üzülüşmə ərəfəsində ruslar Azərbaycana basqılarını artırdılar. Və bu gün kimsə Mehdiyevin məhz Kremlə xoş getsin deyə görəvdə tutulduğunu inkar edə bilməz.

Geri qayıt