Əsas Səhifə > Siyasət, Manşet > İKİ YÜKSƏK RANQLI MƏMURUN HƏBSİ PLANLAŞDIRILIR

İKİ YÜKSƏK RANQLI MƏMURUN HƏBSİ PLANLAŞDIRILIR


4-07-2013, 12:41
İKİ YÜKSƏK RANQLI MƏMURUN HƏBSİ PLANLAŞDIRILIR
RUSİYANIN SOYUĞU YAXINLAŞDIQCA, BAKIDA HƏRARƏT DAHA DA ARTACAQ

DİA.AZ: - Artıq Rusiya Azərbaycanda açıq oynamağa başlayıb. Bir neçə ay əvvəl Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin «Kreml Bakıda dövlət çevrilişinə hazırlaşır və bu prosesdə «LukOYL»un prezidenti Vahid Ələkbərov aktiv iştirak edəcək» şəklində açıqlama verərkən gürcü prezidentin sözlərini siyasi baxımdan qəribçiliyə salmaq istəyənlər də tapıldı.

Hətta «LukOYL»un Bakı ofisindən də maraqlı təkzib gəldi ki, bizim belə bir niyyətimiz yoxdur. Sanki adamlar təsdiqləməli idi. Hətta Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun da inkarı anlaşılan idi. Durub deyəsi deyildi ki, hə, Saakaşvili düz deyir… Ən azından Azərbaycan dövlətinin Rusiya ilə bu müstəvidə çəkişməyə faktiki olaraq imkanları yoxdur.

DİA.AZ xatırladır ki, «LukOYL»un prezidenti Vahid Ələkbərovun özü də bu məsələ ilə bağlı danışdı. Gec də olsa. Bildirdi ki, o, Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyir. Xəbər portalları, qəzetlərimiz də bu açıqlamanı bir senssasiya kimi yaydılar. Rusiyanın Azərbaycandakı səfirliyi də Saakaşvilini yalanlamağa cəhdlər etdi. Bununla da mövzunu qapanmış hesab edənlər tapıldı. Dünən isə «Azərbaycan prezidenti ilə Rusiya prezidentinin telefon danışığı olub» xəbərini yayaraq sanki prosesin gizlədilməsi üçün daha bir cəhd də nümayiş olundu.

Amma qatar artıq hərəkətdədir. Rusiya Azərbaycanda kiçik miqyasda da olsa Oktyabr təlatümünə tədarük görür. Bu faktdır. Ola bilsin ki, Saakaşvili hansısa planı pozdu. Amma planda iştirakçılar dəyişdi. Müdaxilə bu qədərdir. Vahid Ələkbərov olmasın, başqa bir azərbaycanlı «ivanaşvili» və yaxud da azərbaycanlı «reyqan» olsun. Məsələ bundadır ki, Kreml Azərbaycanda dəyişiklik üçün qollarını çirmələyib.

DİA.AZ-a hökumət içindəki etibarlı mənbələrdən ötürülən informasiyalar da təsdiqləyir ki, rəsmi Bakı neçə müddətdir Kremlin çevriliş planını önləməyə çalışan addımlar atmaqdadır. Həm xarici siyasətdə və həm də daxili siyasətdə. Mənbə iddia edir ki, bu yöndən Prezident Aparatının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin həbsi son cəza tədbiri olmayacaq.

Xatırladaq ki, buna qədər də bu barədə bilgilərimizi oxucularla paylaşmışdıq. Və DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, artıq yüksək ranqlı iki məmurun həbsinə tədarük görülür: «Eynən 2005-ci ilin 17 Oktyabr hadisələrinin bənzəri hazırlanır. Çox məhdud çevrədə hazırlanan əməliyyat nəticəsində iki nüfuzlu məmurun və eləcədə ona yaxın orta ranqlı çinovnikin həbsi nəzərdə tutulub. Say arta bilər və həbslərin əhatə dairəsi təkcə iqtidarla məhdudlaşmaya bilər».

Mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə proseslərin düyməsi basılacaq: «Bu yay çox isti olacaq. Rusiyanın soyuğu yaxınlaşdıqca hərarət daha da artacaq».

Geri qayıt