Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISININ MÜAVİNİ SURAXANINI TALAYIR
İCRA BAŞÇISININ MÜAVİNİ SURAXANINI TALAYIR3-07-2013, 12:56 |
ETİBAR YOLÇUYEVİN DOSTU OLMAQ SƏN DEMƏ, QANUNLARDAN ÜSTÜN İMİŞ DİA.AZ: - Keçən günlərdə Suraxanı rayonu ərazisində həyata keçirilən «yaşıl soyqırım» haqqında məlumat vermişdik. Xatırladaq ki, rayonun Yeni Günəşli qəsəbəsində minlərlə ağacın olduğu böyük sahə bir müddətdir ki, hasara alınıb. Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri vətəndaşlara həmin ərazidə abadlıq işlərinin görüləcəyini bildirsələr də, sakinlər əslində vəziyyətin başqa cür olduğunu bizə çatdırmışdılar. Onların sözlərinə görə, qeyd olunan ərazini iş adamlarından biri alıb, yerində böyük istirahət-əyləncə mərkəzi tikdirməyi planlaşdırır. Vətəndaşların çoxsaylı etirazlarına görə hələlik tikinti işlərinə başlanmayıb. Ancaq sakinlər DİA.AZ-a açıqlamalarında deyir ki, bir gecənin içində ağaclar kəsilə və nəzərdə tutulan obyektin təməli qoyula bilər. Dünən yolumuzu həmin ərazidən salıb burda yaşananları canlı şəkildə müşahidə etdik. Həqiqətən də, insanların söylədiyi kimi, Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin kəsişməsində yerləşən, minlərlə ağacla əhatə olunan sahə hasarlanmışdı. Nə qədər cəhd etsək də, hasarı aşıb əraziyə daxil ola bilmədik. Yaxınlıqda fəaliyyət göstərən ərzaq dükanında işləyən, adının gizli qalmasını istəyən şəxs isə DİA.AZ əməkdaşı ilə söhbətində qeyd etdi ki, buranı icra başçısı İlqar Abbasovun müavini Etibar Yolçuyevin yaxın dostu alıb: «Həmin şəxsin adını dəqiq bilmirəm. Suraxanıda çoxlu obyektləri var. Yeni Günəşli qəsəbəsindəki obyektlərin bir neçəsi ona məxsusdur. Hazırda Suraxanı İşıq İdarəsinin yaxınlığında özünə yeni obyektlər tikdirir. Sənəd işlərində icra başçısının müavini ona hər cür köməkliyi göstərir. Buranı alıb biznesini daha da genişləndirməyi düşünür. Ətrafda yaşayan insanlar gecə-gündüz hasarlanan yerə növbə çəkirlər. Ağacların böyüməsində onların çox böyük əziyyətləri olub. İcra hakimiyyətinin rəsmi şəxsləri bu məsələdə o qədər də fəallıq göstərmirlər. Yəni ağacların məhv olmasına qarşı çıxmırlar». Söhbətimizə təsadüfən qoşulan Qaraçuxur sakini Əli müəllim isə söylədi ki, nəyin bahasına olursa-olsun yaşıllıqların qırılmasına imkan verməyəcəklər: «Onsuz da icra başçısından əlimizi üzmüşük. O, ağacların qeydinə qalan olsaydı, bu günə qədər rayonumuzda ağaclar kəsilməzdi. Suraxanı bir zamanlar öz yaşıllığı ilə digər rayonlara nümunə çəkilib. İndi isə hər yeri səhralaşdırıblar. Biz bu ağaclara qulluq edib böyütmüşük. Yay vaxtıdır kölgəsində oturub dincəlirik. Buranı kim alıbsa, açsın qulağını yaxşı-yaxşı eşitsin, biz tikinti işlərinin aparılmasına razı deyilik. İcra hakimi sakinlərin qarşısına çıxıb bu məsələyə aydınlıq gətirməlidir». Qəsəbə sakini onu da dedi ki, on minlərlə vətəndaş sırf bu işə görə öz etiraz səslərini ucaldıb ölkə prezidentinə müraciət etmək istəyirlər: «Əgər rayon rəhbəri bu vandallığa, ağac qətliamına son qoymasa, biz ondan cənab prezidentə şikayət edəcəyik. Bundan başqa əlacımız qalmayıb. Bu vaxta qədər çox haqsızlıq görmüşük, amma hər dəfə güzəştə getmişik. Hazırkı şəraitdə vəziyyət cığırından çıxıb. Biz öz sözümüzü demək məcburiyyətindəyik. Kimlərsə biznes qurub milyon qazanacaq, biz də yaşıllıq üzünə həsrət qalacağıq. Ömrü boyu belə şey ola bilməz. Bu xəbərdarlığımıza məhəl qoyulmasa, öz bildiyimiz addımları atacağıq». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |