Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI PLAN

RAMİZ MEHDİYEVƏ QARŞI PLAN


20-12-2011, 14:15
RAMİZ MEHDİYEVƏ QARŞI PLAN

PA RƏHBƏRİ İNŞAAT SEKTORUNDAN UZAQLAŞDIRILIR

DİA.AZ: - Məlum olduğu kimi, digər istiqamətlər kimi inşaat sektoru da oliqarx-məmurlar arasında blüşdürülüb. Yəni bu gün təsadüfi bir şəxsin Bakıda daş üstünə daş qoyması qeyri-mümkündür. Əslində dünənə qədər fırıldaq yolu ilə sakinlərin pullarını mənimsəyən inşaat firmalarının demək olar ki, hamısı ayrı-ayrı məmurlara məxsusdur. Sadəcə olaraq, iş cəncələ düşəndə məmurlar qurbanlıq kimi qabağa verdikləri «firma rəhbərlərini» həbsə yollamaqla və yaxud da ölkədən qaçırmaqla vəziyyətdən çıxmış olurlar.

Bu gün inşaat sektorunda əsas fiqurlardan birinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olması faktdır. O da faktdır ki, Kəmaləddin Heydərov inşaat işlərində olduğu kimi, tikinti materialları bazarında da bir nömrəli fiqurdur. Amma FHN şefi yeni binaların tikintisi, körpülərin salınması, keçidlərin inşaası məsələsində kifayət qədər paylaşımçıdır və ona bu yöndə nəqliyyat naziri Ziya Məmmədovun və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin arxa durduğu şirkətlər ortaqlıq etməkdədirlər.

O da məlumdur ki, hər ilin əvvəlində inşaat sektorunda fəaliyyət göstərə bilmələri üçün şirkətlərə müvafiq icazə lisenziyası verilir. Məsələn, bu ilin əvvəlində lisenziya alan şirkətlərin sayı 10-a qədər azaldı ki, bu da hakimiyyətin tikinti sahəsində inhisarlaşma siyasətinin təzahürü kimi qəbul edildi. Yəni hansısa oliqarx-məmura bağlı olmayan şirkət üçün lisenziya almaq xəyal oldu.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran mənbə iddia edir ki, gələn ilin əvvəlindən isə Ramiz Mehdiyevin inşaat sektorundan uzaqlaşdırılması nəzərdə tutulur. Bunun əvəzində isə «Paşa» Holdinqin, «ZQAN» Holdinqin və «Gilan» Holdinqin mövqeləri güclənəcək. Mehdiyevə yaxın inşaat firmaları isə yalnız həmin holdinqlərin tenderlərində bir icraçı kimi iştirak hüququna malik olacaqlar ki, bu da daha çox holdinqlərin istəyindən asılı olacaq.

Hökumət içindəki qaynağımız idda edir ki, buna səbəb olan faktorlardan biri hakim komandanın Ramiz Mehdiyevlə bağlı planlarıdır. Belə ki, Ramiz Mehdiyevin gələn ilin may ayından etibarən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən alınacağı gözlənilir. Qeyd edək ki, artıq bu barədə dövrü mətbuatda yetərincə bilgi verilib. Və xəbərlərdə qeyd olunur ki, Ramiz Mehdiyev binasının inşaası gələn ilin may ayında hazır olacaq Heydər Əliyev Mərkəzinə rəhbər təyin ediləcək və bununla da Azərbaycanda Mehdiyev erası bitmiş olacaq.

Buna qədərsə müəyyən tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışan mənbəmiz vurğuladı ki, hər halda, Ramiz Mehdiyev həm siyasi və həm də iqtsadi müstəvidə çox ciddi təsir rıçaqlarına malikdir: «Bu səbəbdən YAP iqtidarı tədarükünü görmək zorundadır və Ramiz Mehdiyevin inşaat sektorunda sıxışdırılması da sözügedən niyyətin tərkib hissəsi kimi qəbul edilə bilər».


Geri qayıt