Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞ ƏLİLİNİN BAŞINA AÇILAN MİN-BİR MÜSİBƏT

QARABAĞ ƏLİLİNİN BAŞINA AÇILAN MİN-BİR MÜSİBƏT


22-06-2013, 10:41
QARABAĞ ƏLİLİNİN BAŞINA AÇILAN MİN-BİR MÜSİBƏT
GƏNCƏ MƏHKƏMƏSİNİN HAKİMLƏRİ BU MİLLƏTƏ NƏ QƏDƏR BAĞLIDIRLAR?

DİA.AZ: - Azərbaycan məhkəmələrində vətəndaşların süründürməçiliyə salınması, insanların bezdirilərək iddiadan əl çəkmələri barədə dəfələrlə yazmışıq. Ədliyyə Nazirliyi Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görsə də, bəzi hakimlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdən hələ də əl çəkmir. Nəticədə vətəndaşların ədalət məhkəməsinə inamı azalır, məhkəmələrin obyektiv qərar çıxaracağına şübhələr artır. Bu da sonda insan haqlarının qorunmasında problemlərə yol açır.

Fərarilər müharibə veteranına qan uddurur

DİA.AZ-a müraciət edən Qarabağ veteranı, Daxili İşlər Nazirliyinin təqaüddə olan sabiq polis əməkdaşı, 2-ci qrup əlil Cavanşir Yaqubov da Gəncə şəhər Kəpəz rayon və İnzibati İqtisad məhkəməsinin hakimlərindən şikayətlənir. Şikayətçinin müraciətində bildirilir ki, ona 1987-ci ildən Daxili İşlər Nazirliyi tərəfindən bağ evi sahəsi üçün 0.04 hektar torpaq sahəsi ayrılıb. Torpaq sahəsi tam qanuna uyğun qaydada ayrılıb və heç bir problem olmayıb. Həmin vaxtdan bağ sahəsi kimi həmin ərazini problemsiz istifadə edən Qarabağ əlili bu yaxınlarda bir qrup dələduz tərəfindən təhdidlərə məruz qalıb.

Həmin şəxslər heç bir əsas olmadan müharibə əlilinin torpaq sahəsinə sahib çıxmaq istəyir və buna görə də mütəşəkkil dəstə ona qarşı təzyiqlər edir. Həmin şəxslər müəyyən dairələrin yardımı ilə torpaq sahəsinə qanunsuz və saxta sənədlər çıxararaq Qarabağ əlilini həmin əraziyə buraxmırlar: “Bu gün bir qrup fərari olan vəzifə sahibləri saxta sənəd əldə etməklə mənim qanuni sahəmi özgəninkiləşdirib. Məni qanuni torpaq sahəmə buraxmırlar. Vəzifələrindən və vəzifədə olan imkanlı şəxslərdən istifadə edən həmin şəxslər mənim qanuni torpaq sahəmi əlimdən alıb mənim küçələrdə qalmağımı istəyirlər. Mən o vaxt polis olarkən Qarabağ döyüşlərində iştirak edəndə, əlil olanda bu insanlar harda idi bilmirəm. Həmin şəxslərin hamısı fəraridir. Sadəcə indi əllərinə imkan düşüb, mənim torpaq sahəmi zəbt ediblər. Bütün instansiyalar da onları müdafiə edir, mənim iddiamı rədd edirlər”.

Hakim mütəşəkkil qrupla sövdələşib zərərçəkmişi günahkar çıxarıb

Şikayətçi DİA.AZ-a deyir ki, o, məsələ ilə bağlı Kəpəz rayon məhəməsinə iddia ərizəsi ilə müraciət edib. Lakin, mütəşəkkil dəstənin üzvləri məhkəmənin hakimini ələ alaraq onların xeyirinə qərar çıxarıb, torpaq sahibini günahkar hesab edib: “Məhkəmə göz görə-görə prosesdə qanunsuzluqlar edir, qarşı tərəfi müdafiə edir, mənisə günahkar çıxarır. Elə çıxır ki, guya mən onların qanuni torpaq sahəsini əlindən almışam. Prosesdə nə qədər vəsadət qaldırsam da, məhkəməyə torpağın qanuni sahibi olmağım barədə rəsmi sənədlər, sübutlar təqdim etsəm də, hakim bu faktların heç birini sübut kimi qəbul etmədi. Məhkəmənin hakimi, prosesə sədrlik edən Nuru Quliyev qarşı tərəflə danışıqlara gedib, onların xeyrinə qətnamə çıxardı. Mənim vəsadətlərim, qanuni sənədlərim isə nəzərə alınmadı. Qarşı tərəf hakimlə danışığa gedəndən sonra mənim sənədlərim “saxta” adlandırıldı, qarşı tərəfin faktiki saxta sənədləri isə sübut kimi nəzərə alındı. Hakim prosesdə misilsiz saxtakarlığa yol verdi və o torpaq sahəsinin saxta üsulla əldə edilən sənədini “qanuniləşdirdi”.

Cavanşir Yaqubov deyir ki, Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyev iddia predmetinə baxarkən icraatda olan mülki işi aylarla yubatmaqla onu süründürməçiliyə salıb: “Sonda isə hakim qarşı tərəfin xeyrinə qərar çıxardı və qanuni torpaq sahəmi saxta sənədlərlə əlimdən aldı. Bu cür məmur bürokratiyası korrupsiyaya yol açan hüquq pozuntusu olmaqla rüşvət tələbinə də yol açıb. Adıçəkilən hakimdən yuxarı instansiyalara çoxsaylı teleqramalar göndərsəm də, bu günə qədər heç bir tədbir görülməyib”.

İkinci hakim də Qarabağ əlilini küçə söyüşləri ilə təhqir edib

Cavanşir Yaqubov həmçinin bu işdə Gəncə İnzibati İqtisad Məhkəməsinin hakimi Rövşən Rəfiyevi də rüşvətxorluqda ittiham edir. Şikayətçi deyir ki, adıçəkilən hakim düz 7 aydır ki, vətəndaşın yenidən verdiyi iddia ərizəsinə baxmır, onu əvvəlki məhkəmə kimi süründürür. Bütün bunlar azmış kimi, hakim Qarabağ əlilini küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyib. Rövşən Rəfiyev haqqını tələb edən Qarabağ əlilini buna görə təhqir edərək məhkəmə zalından da çıxarıb. Rövşən Rəfiyev qanuna sığmayan qərəzli və qanunsuz hərəkətlərini davam etdirməklə Cavanşir Yaqubovun iddia ərizəsini 7 aydır ki, baxmadan saxlayır. O Cavanşir Yaqubovu süründürməklə, onun xeyirinə qətnamə çıxarmaq üçün pul verməsini istəyir. Sabiq polis əməkdaşı, Qarabağ əlili isə rüşvət vermədiyi üçün öz xeyrinə obyektiv qərar çıxarılmasına nail ola bilmir. Çarəsiz qalan Cavanşir Yaqubov hakimlər tərəfindən tapdalanan insan hüquqlarının bərpası və bu özbaşınalığa son qoyulması üçün ölkə başçısı İlham Əliyevdən, ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovdan kömək istəıyir. Hüququ pozulan müharibə əlili bu məqsədlə hər iki şəxsə müraciət edib.

Geri qayıt