Əsas Səhifə > Hadisə > LƏNKƏRANDA GƏRGİNLİK SƏNGİMİR
LƏNKƏRANDA GƏRGİNLİK SƏNGİMİR19-12-2011, 15:06 |
BALIQ OVUNDAN BAŞLANAN QARŞIDURMA Dekabrın 15-dən Lənkəranın Nərimanabad-2 qəsəbəsində gərginlik yaşanır. Həmin gün sərhədçilərlə qəsəbə sakinləri arasında qarşıdurma olub. Qarşıdurma sərhədçilərin balıqçıları balıq ovuna buraxmamasından sonra başlanıb. Bir qrup dənizçi balıq ovuna çıxarkən müqavimətə rast gəlib. Onlardan 9 nəfərini Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları saxlayıb. Lənkəran Rayon Polis Şöbəsinə gətirilən həmin şəxslərdən 4 nəfərinin izahatı alındıqdan sonra sərbəst buraxılıb. Digər 5 nəfərə isə (Kainat Abbasov, İsmayıl Hüseynov, Cavanşir İsmayılov, Fariz Məmiyev və Xalid Ələkbərov) Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Hazırda Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri və hərbi texnikası qəsəbəyə yerləşdirilib. Əhali isə bundan narahatdır. “Yeni Müsavat” qəzetinin əməkdaşları hadisə yerində olub. Qəzet yazır ki, Nərimanabad-2 qəsəbəsində dekabrın 15-dən başlanan kütləvi etirazlar səngiməyib, əksinə, bir qədər də genişlənib. Qəsəbədə indiyə qədər gərginlik var, polis gecə-gündüz keşik çəkir, gələn-gedəni izləyir. Üç tərəfdən dənizlə sərhəd olan qəsəbənin yeganə quru yolu polis nəzarətindədir. Əhali təşviş içində hər an nəsə baş verəcəyindən ehtiyat edir. Dekabrın 15-də saxlanaraq sonradan azad edilən qəsəbə sakini Qalib Əliyev “Yeni Müsavat”a dekabrın 15-də baş verənlər barədə deyib: “Həmin gün Sərhəd Qoşunlarına məxsus hərbi gəmi bizim kənddən olan balıqçılara dənizdə basqın edib. Onlar dörd balıqçı qayığını tutub öz gəmilərinə qoyub aparıblar. Qayıqlarda olanları da həbs ediblər. Biz istəyirik ki, tutulanlar azad olunsun, camaatımıza balıq tutub ailələrini saxlamağa şərait yaradılsın. Bəziləri iddia edir ki, guya sərhəd qoşunları narkotik alverçilərinin qarşısını alıb və bu zaman belə hadisə baş verib. Ağ yalandır, Nərimanabad-2 qəsəbəsində 3-4 min nəfər yaşayır. Burada heç vaxt narkotik alverçisi olmayıb. Olsaydı, cəzalandırılan olardı. Biz balıqçıyıq, Sərhəd Qoşunlarından olanlar yaxşı bilirlər ki, narkotik alverçiləri kimlərdir”. Yerli camaat tələb edir ki, ayın 15-də kəndə Daxili Qoşunların bölmələrini yeridən, rezin güllələrdən, elektroşokdan, gözyaşardıcı istiot qazından istifadə edən şəxslər cəzalandırılsın. Ailəsini balıqçılıqla dolandırdığını deyən qəsəbə sakini Adışirin Vəliyev bildirib ki, balıq ovuna məhdudiyyət qoyulması səbəbsiz deyil - balıqçılardan rüşvət istənilir, ona görə belə vəziyyət yaranıb: “Əsas məqsəd bizdən pul qoparmaqdır. Sərhəd onları maraqlandırmır. Hər qayıqdan pullarını da, balıqlarını da almasalar, əl çəkmirlər. Kişilərimiz dənizdə ölür, ailələri də acından qırılır”. Geri qayıt |