Əsas Səhifə > Güney Press / Manşet > HÜSEYN BAĞIROVUN ADAMI MEŞƏYƏ QƏNİM KƏSİLİB
HÜSEYN BAĞIROVUN ADAMI MEŞƏYƏ QƏNİM KƏSİLİB20-06-2013, 16:58 |
![]() DİA.AZ: - Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri - mineral xammalın, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Bu baxımdan Bərdə rayonu da özünəməxsus gözəlliyə malikdir. Rayonun iqlimi mülayim isti, quru subtropikdir. Qışı nisbətən quraq keçir. İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Bu meşələrin qorunması məqsədilə 1966-cı ildə Bərdə Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bu Yasaqlığın yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır. Lakin bu gün Bərdə ərazisində meşə massivi, demək olar, məhv edilib. Müəyyən sahələrdə sonradan salınmış şam və çinar meşələrinə, kiçik ərazidə isə baxımsızlıqdan xeyli hissəsi qurumuş nar bağlarına rast gəlinsə də, həmin ərazilərdə otlayan mal-qara və qoyun sürüləri ümumiyyətlə meşəyə nəzarət edilmədiyindən xəbər verir. DİA.AZ-a daxil olan məlumatlarda Bərdə meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapmışdır. Təqdim olunan materiallarda bildirilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın müəllim daşıyır. Göstərilir ki, bu məmurun fəaliyyəti nəticəsində Bərdənin onsuz da kasad olan və müharibə səbəbindən bir az da seyrəkləşmiş meşələri indi də ağac emalı müəssisələri üçün xammal bazasına çevrilmişdir. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Kəsilən meşə zolaqlarının yerində tikilən obyektlərin sahibləri isə bu “əməkdaşlığın” müqabilində Aydın müəllimə külli miqdarda pul ödəyirlər. Etiraf etmək lazımdır ki, Azərbaycan dövləti tərəfindən həqiqətən də təbii sərvətlərimizin qorunması istiqamətində kifayət qədər əhəmiyyətli addımlar atılır, islahatlar həyata keçirilir. Lakin bu da faktdır ki, yuxarıda qeyd olunduğu kimi bilavasitə ətraf mühitin mühafizəsi məqsədilə təsis edilmiş bir çox struktur təşkilatlarına rəhbərlik bəzi hallarda tamamilə arzuolunmaz kadrlara həvalə olunur. Nəticədə isə həmin kadrların ətraf mühitə əsil talançılıq münasibəti qısa müddət ərzində bütün ictimaiyyəti yeni problemlər və daha gərgin vəziyyətlə üz-üzə qoyur. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində törədilən bütün bu və digər yaramazlıqlar barədə dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən şıkayətlər ünvanlanmışdır. Lakin bütün bunlara rəğmən Aydın müəllim hələ də arxayınca öz kürsüsündə əyləşərək qanunsuz əməllər törətməkdə davam edir. Geri qayıt |