Əsas Səhifə > Gündəm, Manşet > RUHANİ DƏ ANTİ-TÜRK SİYASƏTDƏ PƏRGARDIR
RUHANİ DƏ ANTİ-TÜRK SİYASƏTDƏ PƏRGARDIR20-06-2013, 10:36 |
FARS-MOLLA REJİMİ AZƏRBAYCANA SEÇKİQABAĞI HƏMLƏSİNİ ETMİŞ OLDU DİA.AZ: - İran özünün yeni prezidenti ilə də antiAzərbaycan təbliğatını davam etdirməkdədir. Əslində 14 iyun seçkilərində qalib elan olunan Ruhaninin İran-Azərbaycan münasibətlərində hansısa yeniliklər edəcəyi gözlənilən deyildi. Çünki Tehranda prezidentdən daha çox dini lider önəmli fiqur olduğundan Ruhaninin gəlişilə nələrinsə dəyişəcəyinə ümid etməyin bir anlamı yox idi. Amma buna rəğmən İranın Azərbaycandakı səfiri “Ruhaninin Azərbaycana münasibəti yaxşıdır” şəklində açıqlamaları ilə diqqətə gəldi. Lakin ortada bir fakt var ki, Ruhani prezident kürsüsünə gələnə qədər də antiAzərbaycan mövqeyi ilə seçilib. Bu isə Tehranın ənənəvi antiAzərbaycan ovqatının davam edəcəyinə bir işarə kimi qəbul olunmalıdır. DİA.AZ bildirir ki, artıq bu ovqatı hiss etməyə də başlamışıq. İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan “AranNews” portalı prezident seçkiləri ərəfəsində olan Azərbaycanla seçkiləri yola vermiş İranın durumunu guya ki, müqayisə edərək ölkəmizi geridə qalmış bir ünvan kimi nişan verib. Hər halda, həmin məqalənin oxucularımız üçün də maraqlı olacağını zənn edərək olduğu kimi diqqətinizə təqdim edirik: “Dünyanın bir çox ölkələri respublika hökumət quruluşu üzərindədir. Prezident seçkiləri demokratiya və vətəndaşların hüquqlarına hörmətlə keçirilir. Respublika quruluşunda prezident seçkiləri iki şəkildə keçirilir: Türkiyə və Almaniya kimi ölkələrdə prezident parlament tərəfindən seçilir, bəzi digər ölkələrdə isə prezident birbaşa xalq sorğusu ilə 4, 5 və ya 6 illiyə seçilir. İkinci modeldə diktator hakimiyyətinin qarşısının alınması məqsədilə prezidentliyə namizəd olmağın sayında məhdudiyyətlər nəzərdə tutulmuşdur. Xülasə olaraq deyə bilərik ki, düzgün, sağlam və birbaşa demokratiya İran kimi ölkələrdə həyata keçirilir, belə ki, prezident xalqın birbaşa səsi ilə və o da yalnız iki ardıcıl dövrə üçün seçilir. İranda 11-ci prezident seçkiləri seçici hüququna malik olanların 75%-nin iştirakı ilə keçirildi. Azərbaycan Respublikası da bu il özünün prezident seçkilərini keçirəcək. Lakin regiondakı bu iki seçki arasında böyük və aşkar fərqlər vardır. - İranda prezidentliyə namizəd olmağa hüququ olanlar tamamilə azad şəkildə öz namizədliyini irəli sürdülər, halbuki, Azərbaycanda bu hal-hazırda mümkün deyil və hakimiyyətlə müxalif olan tanınmış şəxsiyyətlər səhnədəni silinmişdir. - İranda namizədlər azad surətdə müxtəlif şəhərlərə səfər etdilər və öz proqramlarını, müxtəlif mövzulardakı mövqelərini bildirdilər. Halbuki, Azərbaycanda məsələn İsa Qənbər şəhərlərə səfər etmək istədikdə dəfələrlə polis tərəfindən saxlanılmışdır. - İranda heç vaxt müxalifət sayılan prezidentliyə namizədlərə narkotik maddələr, silah-sursat saxlama kimi əsassız və gülünc ittihamlar vuraraq, səhnədə silməyiblər. Amma Azərbaycanda prezidentliyə namizəd doktor Mövsüm Səmədovu əsassız ittihamlarla 12 il həbs cəzasına məhkum etdilər. Əlbəttə, burada təəccübü artıran məsələ xalqın onu sevməsi və onun namizədliyinin dəstəklənməsi istiqamətində təkcə bir neçə gü müddətində 120 mindən yuxarı imza toplanmasından sonradır. - İranda prezidentliyə namizədlərin sayının çoxluğu istedadları üzə çıxarır və ölkədəki demokratiyanın yüksək tolerantlığını göstərir. Onlar əməldə müxtəlif azad səliqələrdən və öz fikir və proqramlarının təbliği üçün media kimi imkanlardan bərabər surətdə istifadə edə bildilər. Bu mövzu Azərbaycandakı mövcud şəraitlər müqayisə ediləsi deyil. Orada müxtəlif fikirli insanlar həbsə alınır və öz hüquqlarından irəli gələn etirazlarına görə sərt təzyiqlərə məruz qalır, tanınmış şəxslər və ruhanilərə qarşı əsassız ittihamlar irəli sürülür, uzun müddətli həbslərə alınırlar. Bəzilərinə rusiyapərəst, bəzilərinə qərbpərəst ittihamı vururlar, onlara ictimai-siyasi fəaliyyətə icazə vermirlər. Onda belə sual ortaya çıxır ki, belə olduqdan bu ölkədə hansı azad seçkidən söhbət gedə bilər? Azərbaycanda prezidentliyin tarixinə və siyasi-ictimai duruma hakim şəraitə ötəri nəzər bu ölkədə hakimiyyətin gizli diktaturasından xəbər verir. Zahirdə prezident xalqın birbaşa səsi ilə seçilir. Amma həqiqətdə digər şəxs və ideyanın seçilməsi və ölkənin idarə etməsi üçün bütün yollar bağlıdır. Azərbaycan Respublikasında referendumda xalqın neçə faizinin iştirak edəcəyi və öz istədikləri namizədə səs verə biləcəyi, bir neçə aydan sonra cavab verilməsi mümkün olan cavabdır”. Geri qayıt |