Əsas Səhifə > Hadisə > QƏRBİ AZƏRBAYCANLILAR RAMİL USUBOVDAN KÖMƏK İSTƏYİRLƏR

QƏRBİ AZƏRBAYCANLILAR RAMİL USUBOVDAN KÖMƏK İSTƏYİRLƏR


19-12-2011, 13:02
QƏRBİ AZƏRBAYCANLILAR RAMİL USUBOVDAN KÖMƏK İSTƏYİRLƏR

DEPORTASİYA QURBANLARI YER ADLARININ DAVASIN DÖYÜR

Deportasiya Qurbanları Cəmiyyəti daxili işlər naziri Ramil Usubova müraciət edib.

Deportasiya Qurbanları Cəmiyyəti Ali Məclisinin dekabrın 2-də keçirilən toplantısının qərarına uyğun olaraq hazırlanan, cəmiyyətin fəaliyyətdə olan sədri Nurəddin Mustafayevin imzaladığı müraciətdə qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları kəndlərin adlarının göstərilməsi xahiş olunur.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir ki, 1988-ci ildə və ondan əvvəlki illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya olunan, hətta köçüb gələn soydaşlarımıza Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən vətəndaşın anadan olduğu yaşayış məntəqəsinin adı qeyd edilmir: “Məsələn, təkcə elə 1988-ci ildə indiki Ermənistanın 22 rayonunda 300-ə yaxın kənd və şəhərdən soydaşlarımız qovulub çıxarılsa da, həmin insanların şəxsiyyət vəsiqələrində yalnız əvvəllər yaşadıqları rayonların adı, həm də sonradan dəyişdirilib erməniləşdirilmiş adları qeyd olunub, kəndlərin adları isə ümumiyyətlə göstərilməyib. Bu bir tərəfdən 1988-ci ildə və ondan əvvəlki illərdə Ermənistanda azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrinin sayının az olması görüntüsü yaradır, deportasiya olunmuş insanlarımızın sayını gələcəkdə azaltmaq üçün ermənilərin əlinə fürsət verir, digər tərəfdən insanların tarixi yaddaşının unutdurulmasına, ata-baba yurdlarından qopub-uzaqlaşmalarına xidmət edir. Halbuki qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının bütün digər vətəndaşlarına verilən şəxsiyyət vəsiqələrində vətəndaşın anadan olduğu rayonla yanaşı, kənd də xüsusi qeyd edilir”.

Müraciətdə Qərbi Azərbaycandan deportasiya olunmuş və köçüb gəlmiş bütün insanların şəxsiyyət vəsiqələrində onların anadan olduğu kəndlərin və rayonların tarixi adlarının bərpa edilməsinin zəruriliyi vurğulanır və daxili işlər nazirindən bu məsələnin həllinə göstəriş verməsi xahiş edilir.


Geri qayıt