Əsas Səhifə > Hadisə > LƏNKƏRAN SAKİNLƏRİ RAHAT NƏFƏS ALA BİLƏR

LƏNKƏRAN SAKİNLƏRİ RAHAT NƏFƏS ALA BİLƏR


19-06-2013, 11:02
LƏNKƏRAN SAKİNLƏRİ RAHAT NƏFƏS ALA BİLƏR
EV OĞRULARI YAXALANIB

Azərbaycanın Lənkəran rayonunda mənzillərdən oğurluq edən şəxslər tutulub. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Əliağa Hüseynov verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxəkəran kənd sakinləri, 1991-ci il təvəllüdlü Nurlan Əflatun oğlu Rüstəmov və 1995-ci il təvəllüdlü Əli Sulfiddin oğlu Rüstəmzadə şübhəli şəxs qismində yaxalanaraq istintaqa cəlb olunublar. İlkin araşdırmalardan məlum olub ki, Nurlanla Əli iyunun 16-da rayonun Gərmətük qəsəbəsində yerləşən “Şah” Şadlıq Sarayında toy məclisindən çıxandan sonra saat 22.00 radələrində kəndə qayıdıb həmyerliləri Xanoğlan Oğlan oğlu Ramazanovun yaşayış evinin qapısını sındırmaqla içəri daxil olaraq ev sahibinə məxsus 2379 manat pulu oğurlayıblar.

Bununla kifayətlənməyən Nurlan Rüstəmov və Əli Rüstəmzadə digər bir həmkəndliləri Sevda Xudaverdi qızı Məmmədovanın yaşayış evinin qapısını sındırmaqla içəri daxil olaraq ev sahibinə məxsus iki ədəd qızıl sırğanı və bir ədəd qızıl boyunbağını oğurlayıblar.

İstintaqa verdikləri ifadəsində saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.23-cü maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt