Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT İÇİNDƏ SEÇKİQABAĞI «RAZBORKA»

HAKİMİYYƏT İÇİNDƏ SEÇKİQABAĞI «RAZBORKA»


18-06-2013, 09:58
HAKİMİYYƏT İÇİNDƏ SEÇKİQABAĞI «RAZBORKA»
FHN ŞEFİ İLƏ SƏFƏR ƏBİYEVİ ÜZ-ÜZƏ QOYAN RAMİZ MEHDİYEVİN FAYDASI

DİA.AZ: - Son günlər hakimiyyət daxilində yeni bir çəkişmə pardaqlanıb. Əslində burada yenilik yoxdur, sadəcə olaraq köhnədən olan ədavətlər yenidən qızışmaq üzərədir. Söhbət Müdafiə Naziri Səfər Əbiyevə qarşı başlanan kampaniyadan gedir.

Bildirək ki, bu barədə DİA.AZ-a olduqca maraqlı məlumatlar daxil olub. Həmin informasiyaları diqqətinizə təqdim edirik: «Səfər Əbiyevə qarşı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kampaniayaya başlaması anlaşılandır. Çünki o, öz qohumu, sərhəd qoşunlarının komandanı, Dövlət Sərhəd Xidmətinin rəhbəri general-leytenant Elçin Quliyevi müdafiə naziri postunda görür. Amma bu çəkişmədən faydalı çıxmağa çalışan üçüncü bir qüvvə də var».

Mənbəmiz iddia edir ki, uzun müddət tərəflər arasında «atəşkəs» mühiti hökm sürsə də, sonradan, parlamentdə BAXCP sədri Qüdrət Həsənquliyevin timsalında bu məsələ yenidən gündəmə daşındı: «Bununla da yenidən münasibətlər gərildi. Əslində bu prosesdən əsas olaraq faydalı çıxmağa çalışanı Prezident Administrasiyası rəhbərliyidir və öz təbliğat müstəvisində Ramiz Mehdiyev yetərincə gedişlər etməyə müvəffəq də olub.

Nədir məsələ? Artıq Kəmaləddin Heydərov Səfər Əbiyevə qarşı kampaniya həyata keçirir. Bu işdə Elçin Quliyevin də iştirakı danılmaz faktdır. Çünki adam özünü nazir postunda görür.

Amma bununla bağlı Ramiz Mehdiyevin öz planları var. Və o, gedən mübarizədə heç bir enerji sərf etmədən özünün bir sıra planlarının icrasına baş vurub. İlk növbədə Səfər Əbiyevin gözdən salınması marağından çıxış edən Ramiz Mehdiyevin illərdir müdafiə naziri ilə çəkişmədə olduğu faktdır. Elə son olaraq əsgər ölümlərinin süni şəkildə qabardılması və hətta bununla bağlı mitinqlərin təşkil edilməsi siyasətinin də arxasında Mehdiyevin dayandığı tam olaraq təsdiqləndi.
HAKİMİYYƏT İÇİNDƏ SEÇKİQABAĞI «RAZBORKA»

İndi isə Mehdiyev adının birbaşa hallanmadığı bir məkanda meydan sulamağa çalışır. Və öz mətbuatında əlinə düşən fürsətdən yararlanaraq hətta Səfər Əbiyevi Rusiyanın adamı kimi də təqdim edir. Və bunu dolayı gedişlərlə həyata keçirir. Hər halda, bu gün Kremlə münasibətləri gərgin olan rəsmi Bakı üçün ən uğurlu vasitəçi «Rusiyanın Bakıdakı canişini» kimi tanınan Ramiz Mehdiyevdir, nəinki illərdir məhz Rusiyanın hərbi dairələri tərəfindən istefası tələb olunan müdafiə naziri Səfər Əbiyev. Bu bir faktdır ki, Səfər Əbiyev məhz NATO və Qərbə aid hərbi çevrələrlə sıx ilişgidə olması səbəbindən Rusiyanın hədəfləri sırasındadır. Və bu səbəbdən hakimiyyət daxilindəki rusiyayanlı qüvvələrin də hədəfinə çevrilib».

Mənbəmiz bildirir ki, əslində Qüdrət Həsənquliyevin parlamentdəki məlum hücumu da məhz PA-dan gələn bir təlimat idi və sırf olaraq ictimai rəyə hesablanmışdı: «Yəni Mehdiyev bu yolla həm də seçkiqabağı dönəmdə üzərinə olan ictimai basqını da bacardığı qədər azdırmaq, özü barəsində aktual olan mövzuları unutdurmaq istəyir».

Geri qayıt