Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI NAZİRDƏN NECƏ PUL QOPARMAQ İSTƏDİ

İCRA BAŞÇISI NAZİRDƏN NECƏ PUL QOPARMAQ İSTƏDİ


17-06-2013, 14:29
İCRA BAŞÇISI NAZİRDƏN NECƏ PUL QOPARMAQ İSTƏDİ
SİRAQƏDDİN CABBAROVUN PLANINI POZAN MƏKTƏB DİREKTORU HƏDƏFDƏ

DİA.AZ: - Saatlı rayonunda cərəyan edən məmur özbaşınalıqları ilə bağlı redaksiyamıza yeni informasiyalar daxil olub. Rayondakı qaynağın DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, zaman-zaman Saatlını Rusiyada yaşan iş adamlarından birinə satan icra başçısı Siraqəddin Cabbarov eyni zamanda rayona dövlət büdcəsindən ayrılan vəsaiti də şəxsi vəsaiti kimi mənimsəməkdədir.

Mənbənin bildirdikləri: «İcra başçısı rayon təhsil idarəsinə inventar üçün ayrılan 110 min manatlıq vəsaitin demək olar ki, tamamını mənimsədiyindən bu gün Saatlı məktəblərinə bir dənə də olsun yeni parta belə alınmayıb. Bu fakt o qədər səs-küy yaradıb ki, həyəcandan hətta rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin həyat yoldaşı infarkt keçirib. Onun anası da eyni hadisədən dünyasını dəyişib. Təhsil şöbəsinin mühasibi İlqar Nuxuşov isə intizhara əl atıb, özünü güllə ilə vurmaq istəyib. 4 ildir maliyyə nazirliyi Saatlı təhsil şöbəsinin fəaliyyətini araşdırmır. Amma bu il belə bir təftişin aparılacağı gözlənilir».

Mənbə DİA.AZ-a verdiyi xəbərdə bildirir ki, bununla yanaşı Siraqəddin Cabbarov rayon səhiyyəsinə ayrılan dövlət pulunu da ata malı kimi mənimsəyir: «Hər il Saatlı xəstəxanalarına köçürülən dərman pulunun təni yarısı Siraqəddin Cabbarov tərəfindən mənimsənilir.

Məlumatı verən qaynaq Saatlı icra başçısının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən də pul qoparmağa çalışdığını iddia edir: «Əbülfəs Qarayev Saatlıya gələrkən icra başçısı onu rayondakı Mədəniyyət Sarayına aparmaq istədi. Və məqsədi o idi ki, naziri ora aparıb, şəraiti göstərsin və əlavə olaraq təmir-bərpa işləri üçün 2 milyon manatlıq vəsait alıb, mənimsəsin. Amma başçının bu planı pozuldu».

Mənbənin sözlərinə görə, buna səbəb Saatlıda yerləşən musiqi məktəbinin direktoru Hacı Kamal müəllim olub: «Onun nazirlə şəxsi əlaqələrinin olması səbəbindən Əbülfəs Qarayev başçının nişan verdiyi Mədəniyyət Sarayına yox, Hacı Kamal müəllimin rəhbərlik etdiyi musiqi məktəbinə gəlib. Bununla da pulqoparma planı pozulub».

Mənbənin DİA.AZ-a bildirdiyinə görə, bundan sonra 2 dəfə Həcc ziyarətində olmuş Hacı Kamal müəllimlə prinsipə düşən Siraqəddin Cabbarov artıq onun rəhbərlik etdiyi musiqi məktəbinin fəaliyyətinin araşdırılması üçün də oraya yoxlama göndərib.

Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt