Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI YERLİ MƏMURU BELƏ TƏHQİR ETDİ

İCRA BAŞÇISI YERLİ MƏMURU BELƏ TƏHQİR ETDİ


12-06-2013, 12:09
İCRA BAŞÇISI YERLİ MƏMURU BELƏ TƏHQİR ETDİ
SİRAQƏDDİN CABBAROV MÖTƏBƏR TƏDBİRDƏ ŞÖBƏ MÜDİRİNƏ “ÖZÜNÜ AS” DEDİ

DİA.AZ: - Dünən Saatlıdakı məmur özbaşınalıqları ilə bağlı ilginc faktları açıqlamışdıq. Bildirmişdik ki, rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlını az qala büsbütün satışa çıxarıb. Artıq elə bir mühüm obyekt yoxdur ki, Rusiyada yaşayan iş adamı Əlizaman Rəhimov və onun adamları tərəfindən satın alınmasın. Və bu yolla başçının külli miqdarda gəlir əldə etdiyi söylənilir.

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Siraqəddin Cabbarov özü üçün də rayonda iqtisadi şəbəkə formalaşdıra bilib. Məsələn, onun «Xan Bağı» deyilən restoranı 7 sot ərazisi ilə birgə 85 min manata satın aldığı bildirilir: «Həmin obyekti başçının Bakıdan özü ilə gətirdiyi Həşimov Vəliəddin Hüsü oğlu adlı şoferi işlədir. Maraqlı orasıdır ki, burada restoranla yanaşı YAP-ın rayon təşkilatının binası da fəaliyyət göstərir ki, bu bina da yerli iş adamlarından zorla alınan pullar hesabına ərsəyə gəlib».

Mənbəmizin bildirdiyinə görə, Siraqəddin Cabbarovun əsas gəlir əldə etmə metodlarından biri yerli məmur və idarə müdirləri haqda kompramatlar toplayaraq, onları şantaj edərək, pul qazanmaqdan ibarətdir: «Bu yolla artıq neçə-neçə idarə müdiri «qabıqdan çıxarılıb». Mənbəmizə görə, icra başçısı eyni zamanda tabeçiliyndə olan məmurları aşağılamaqdan belə çəkinmir və hətta mötəbər tədbirlərin birində yerli təhsil şöbəsinin müdirinə «gedib özünü assan yaxşıdır» deməklə onu nümayişkaranə formada təhqir də edib.

Onu da bildirək ki, Saatlıdakı məmur özbaşınalıqları ilə bağlı redaksiyamıza əlavə bilgilər də daxil olub ki, davamlı olaraq bu barədə sizləri məlumatlandıracağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt