Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLİYİN Dİ İŞTİRAKÇI OLDUĞU MALİYYƏ FIRILDAĞI

NAZİRLİYİN Dİ İŞTİRAKÇI OLDUĞU MALİYYƏ FIRILDAĞI


11-06-2013, 12:19
NAZİRLİYİN Dİ İŞTİRAKÇI OLDUĞU MALİYYƏ FIRILDAĞI
«BANK OF BAKU» VƏTƏNDAŞLARI KİMLƏRƏ GÜVƏNƏRƏK MÜFLİSLƏŞDİRİR?

DİA.AZ: - Redaksiyamıza yenə də adı bir sıra qalmaqallı olaylarda hallandırılan və İranın xüsusi xidmət orqanlarının Bakıdakı əsas maliyyə rıçaqlarından biri kimi təqdim olunan («Vikiliks») Oromi ailəsinin əsas payçılarından olduğu «Bank of Baku» ilə bağlı şikayət məktubu daxil olub.

Onu da bildirək ki, şikayətçinin problemi üzrə DİA.AZ tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya ilginc faktlar da çıxıb. Söhbət ədliyyə nazirliyinin bir sıra işbaz məmurlarının da iştirakçısı olduğu «VƏTƏNDAŞLARI TALAYAN ŞƏBƏKƏ»dən gedir.

DİA.AZ-a müraciət edən Bakı sakini Eldar Həmzəyev «Hyundai» markalı maşınının cəmi iki aylıq ödəmə yubatması səbəbindən əlindən alındığını söyləyir. Və bildirir ki, həmin pulun tən yarısını ödəsə də, işi məqsədli şəkildə uzadan və sonradan çək-çevir yolu ilə vətəndaşın maşina həbs qoyduran «Bank of Baku» əməkdaşları nəhayətdə ədliyyə nazirliyindəki himayədarlarının və ortaqlarının əli ilə hərracda şikayətçinin avtomobilini dəyər-dəyməzinə satıblar.

Araşdırmalarımız nəticəsində öyrənə bildik ki, sən demə, «Bank of Baku» və «Hyundai Auto Azerbaijan»ın (hər ikisi İran kökənli Oromi qardaşlarına məxsusdur, bankda 30 faizdən artıq payları var, «NAB» Dış Ticarətin adı altında -red.) iştirakı ilə vətəndaşların əlindən alınan avtomobillər sonradan müxtəlif yollarlla «ikinci əl kimi» bazara çıxarılır. Amma buna qədərsə ədliyyə nazirliyindəki adamlara aylıq haqq ödənir və onlar guya ki, hərrac yolu ilə maşının satıldığını elan edirlər.

Bu zaman belə maşını əlindən alınmış vətəndaşın yox, bankın maraqları güdülür. Və nəticədə vətəndaşa heç nə çatmır. Bank isə real qiyməti, məsələn, 30 min manat olan maşını 15 min manata sataraq öz pulunu götürür və sonradan maşın operativ surətdə bazara çıxarılaraq 20-25 min manata satılır. Buradan da əlavə qazanc əldə edilir.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbə onu da iddia edib ki, artıq dövlətin müvafiq qurumları bu şəbəkənin izinə düşərək, ciddi araşdırmalara start veriblər: «Əgər bu araşdırmalar lazımi nəticə ilə yekunlaşarsa, həm «Bank of Baku»nun, həm «Hyundai Auto Azerbaijan»ın və həm də Ədliyyə Nazirliyinin əməkdaşlarına qarşı cinayət işi açıla bilər. Çünki söhbət yüzlərlə vətəndaşın bu yolla müflisləşdirilməsindən, pulunun fırıldaq yolu ilə əlindən alınmasından gedir».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt