Əsas Səhifə > Hadisə, Manşet > FHN ŞEFİ UN BİZNESİNƏ TAM NƏZARƏT EDİR

FHN ŞEFİ UN BİZNESİNƏ TAM NƏZARƏT EDİR


16-12-2011, 15:30
FHN ŞEFİ UN BİZNESİNƏ TAM NƏZARƏT EDİR

KƏMALƏDDİN HEYDƏRİOV ARTIQ ƏSAS RƏQİBİNİ “TƏRKİSİLAH EDİB”

DİA.AZ: - «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası məqsədilə bağlanan müqavilələr üzrə 1,365 mln. ton buğdanın 975 min tonu tədarük edilərək dövlət ehtiyatına qəbul edilib.

Bunun 115 min tonu 2008-ci ildə, 160 min tonu 2009-cu ildə, 590 min tonu 2010-cu ildə, 110 min tonu isə 2011-ci ildə ehtiyat kimi qəbul olunub. Bildirək ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazir bildirib ki, Azərbaycanda buğda biçini başlayan vaxtdan ölkənin aparıcı KİV-də Dövlət Taxıl Fonduna yerli taxılın qəbulu ilə bağlı elanlar verilib. Yerli buğda istehsalçılarından bu il ərzində 3 222 ton buğda qəbul edilib.

Nazirin sözlərinə görə, yerli buğda istehsalçılardan məhsul qəbulunun Fond tərəfindən məhdudiyyət qoyulmadan aparılması onlar üçün iqtisadi baxımdan çox faydalıdır: «Həyata keçirilən tədbirlər nəticəsində son iki ildə dünya bazarlarında əmələ gələn qıtlığa və kəskin qiymət artımına baxmayaraq, ölkədə çörək məmulatlarının qiymətlərinin sabit saxlanması mümkün olub, hazırda daxili bazarda unun və çörəyin qiymətlərində ucuzlaşma müşahidə edilir».

Hər halda əksəriyyəti təəccübləndirə bilər ki, nədən FHN şefi Kəmaləddin Heydərov rəhbəri olduğu qurumun yaradılmasının 6-cı ildönümündə un məhsullarının qiymətinin aşağı düşməsindən danışır. Diqqətli olun, burada yanlış heç nə yoxdur. Ən azından ona görə ki, Kəmaləddin Heydərov FHN-yə rəhbərlik etməklə yanaşı, həm də ölkənin iqtisadiyyatında mühüm yer tutan çox önəmli oliqarxlardan biridir.

Və bu bir faktdır ki, Kəmalədin Heydərov Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə un bazarını bölüşür. Bu gün Xırdalan və Zığdakı dəyirmanlar azərbaycanda əsas olaraq həm unun və həm də un məhsullarının, eləcə də çörəyin qiymətini müəyyənləşdirməkdədirlər. Həmin dəyirmanlardan biri isə Ramiz Mehdiyevə, digəri də Kəmaləddin Heydərova məxsusdur.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran mənbə iddia edir ki, Kəmaləddin Heydərov gömrükdəki imtiyazları hesabına son zamanlar un məhsulları bazarında yeganə inhisarçıya çevrilib: «Ona görə də FHN şefinin bu gün un məhsulları ilə bağlı əlahiddə şəkildə açıqlama verməsinə çöçün yanaşmaq lazım deyil. Əksinə, bu təbii bir prosesdir. Kəmaləddin Heydərov bununla həm də yuxarıların qarşısında hesabat vermiş olur və gərəkən ünvanların diqqətinə çatdırır ki, un bazarı tam olaraq onun inhisarına keçdikdən sonra bazarda vəziyyət stabilləşib».

Geri qayıt