Əsas Səhifə > Gündəm, Manşet > SAATLIDA BÜDCƏ PULLARI HANSI YOLLA TALAN EDİLİR?

SAATLIDA BÜDCƏ PULLARI HANSI YOLLA TALAN EDİLİR?


7-06-2013, 10:24
SAATLIDA BÜDCƏ PULLARI HANSI YOLLA TALAN EDİLİR?
TƏKCƏ SOBA ODUNUNA GÖRƏ 100 MİN MANATDAN ARTIQ PUL MƏNİMSƏNİLİR

DİA.AZ: - “Rayonumuza dövlət büccəsindən ayrılan vəsitlər məmurlar tərəfindən onların yaxınlarının adına olan MMC-lər vasitəsi ilə müxtəlif yollarla talan edilir. Bütün mal-materialı, iş və xidmətləri kənara qoyaq, təkcə bu il odun alınmasına 122 130 manat pul silinib.”

DİA.AZ bildirir ki, bu barədə infom.az-ın elektron ünvanına Saatlı rayonundan göndərilən məktubda belə yazılıb. Məktubda soba odunu alan və onu satan təşkilatların adları, eləcə də konkret məbləğlər qeyd edilib:

Saatlı rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə icra nümayəndəlikləri:

Seyidli kəndi- "Ümid-2010" MMC-dən 5 100 manatlıq
Gomuşçu kəndi- "Rahat-Con" MMC-dən 3 150 manatlıq
Əhmədbəyli kəndi- "Ümid-2010" MMC-dən 3 195 manatlıq
Varxankənd kəndi- "Xəzər-77" MMC-dən 2 295 manatlıq
Sarıcalar kənd- "Rahat-Con" MMC-dən 6 990 manatlıq
Nərimankənd kəndi- "Ümüd-2010" MMC-dən 2 280 manatlıq
Günəşli kəndi- "Ümüd-2010" MMC-dən 3 630 manatlıq
Mustafabəyli kəndi- "Rahat-Con" MMC-dən 4 200 manatlıq
Nəsimikənd kəndi- "Xəzər-77" MMC dən 5 130 manatlıq
Dəllər kəndi- "RİR-M" MMC-dən 3 450 manatlıq
Əbilkənd kəndi- "Xəzər-77" MMC-dən 2 400 manatlıq
Əlisoltanlı kəndi- "Rahat-Con" MMC-dən 10 500 manatlıq
Hacıqasımlı kəndi- "Xəzər-77" MMC-dən 2 280 manatlıq
Qaracalar kəndi- "Rahat-Con" MMC-dən 9 600 manatlıq
Qara Nuru kəndi- "RİR-M" MMC-dən 6 240 manatlıq
Məzrəli kəndi- "RİR-M" MMC-dən 2 280 manatlıq
Qarayevkənd kəndi- "Rahat-Con" MMCdən 3 390 manatlıq
Xanlarkənd kəndi- "RİR-M" MMC –dən 4 545 manatlıq
Azadkənd kəndi- "Xəzər-77" MMC-dən 2 295 manatlıq

Saatlı rayon mərkəzi xəstəxanası- "RİR-M" MMC-dən 31 980 manatlıq

Saatlı rayon mədəniyyət və turizm şöbəsi- "RİR-M" MMC-dən 7 200 manatlıq

Məktubda qeyd olunanları araşdırmaq məqsədi ilə ilk öncə Saatlı Rayon icra hakimiyyəti başçısının ictimai və humanitar məsələlər üzrə şöbə müdürü Reyhan Ocaqova ilə telfon əlaqəsi saxladıq.

Reyhan xanım bildirdi ki, rayonun əksər kəndlərində qaz olmadığından ərazi nümayəndələrinin məktəblərdə sinif otaqlarını qızdırmaq üçün hansısa müəsissədən odun alması doğrudur.

Sual etdik: -Qeyd olunan MMC-lər rayonda odun etiyatını hardan tədarük edir?

- Düzü orasını dəqiq bilmirəm, yəqin ki, rayonda müxtəlif yerlərdə (meşələrdə) yaşlı, qurumuş ağacları toplayıb tədarük edib satarlar. Mərkəzi Xəstəxananın odun alması mənədə təəccüb doğurur. Axı bu müəssisədə müasir qızdırcı sistemi var. Bəlkə də kənd xəstəxanalarını, amblatoryaları qızdırmaq üçün alıblar, amma bu qədər vəsait- 31980 manat xərcləmələri maraqlıdır. Araşdırarıq görək xəstəxana, mədəniyyəət şöbəsi odunu niyə alıb.

Məsələ ilə bağlı Hacıqasımlı kənd orta məktəbinin müəllimləri Rəhim Qubadov və Namıq Kazımlı ilə telefon əlaqəsi yaradıb, qış aylarında sinif otaqların necə qızdırılması ilə maraqlandıq. Namiq müəllim bildirdi ki, kənd ərazi nümayəndəliyi hər il oktaybrın 15-də verməli olduğu 200 manatlıq odunu 1 ay gecikdirərək, noyabrın ortasında göndərir. Əslində odunu o, özü kənd ərazisindən tədarük edir- yola, kola aşan, quruyan ağaclar olur. Bu, bizə 1 aya çatmır, qalan vaxtlarda istifadə olan odunları uşaqlar ordan-burdan tapıb məktəbə gələndə özlərilə gətirir. Kənd icra nümayəndəliyinin 2280 mant oduna pul xərcləməsi kağız üzərində ola bilər. Bu, pul silmək üsuludur və çox güman ki, vəsait “yuxarılara” çatır, adama saxta sənədlərə qol çəkdiriblər.”

Saatlı rayonunun başqa bir sakini Ilham Məmmədov isə hesab edir ki, mədəniyyət və turizm şöbəsinin odun almağı aşkar surətdə saxtakarlıq faktıdır: “Guya odun alıb kitabxanalara, mədəniyyət evlərinə veriblər ki, soyuq qış aylarında oxucular isti yerdə oturub kitab oxusun, dərnəklər normal fəaliyyət göstərsin. Bunlardan soruşan lazımdır: məgər sizin o mədəniyyət obyektlərinin qapısı aylarla açılırmı?!”

Soba odunu almaqdan ötrü keçirilən tenderlərdə 4 müəssisə qalib gəlib: "RİR-M", "Rahat-Con", "Ümid-2010", "Xəzər-77" MMC. Amma nə qədər soraqladıqsa, onları tanıyan olmadı. Saatlı sakinləri birmənalı olaraq bildirir ki, rayonda odun biznesi ilə ixtisaslaşmış müəssisə, bu yanacaq materialının daimi olaraq satış nöqtəsi yoxdur: “Qış aylarında bazar qarşısında içərisi odunla dolu maşınlar dayanır, onlar da ayrı-ayrı fiziki şəxlər tərəfindən gətirilir.”

P. S. Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt