Əsas Səhifə > Cəmiyyət > RƏSUL QULİYEV NAZİRİ OĞRU ELAN EDƏCƏK

RƏSUL QULİYEV NAZİRİ OĞRU ELAN EDƏCƏK


14-12-2011, 13:37
RƏSUL QULİYEV NAZİRİ OĞRU ELAN EDƏCƏK

“HÖKUMƏT MƏCBUR QALIB BAKIYA GƏLMƏYİMƏ ŞƏRAİT YARADACAQ”

Rəsul Quliyevin müsahibəsi...

Son dövrlərdə Azərbaycan parlamentinin eks-spikeri, Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan Rəsul Quliyevlə bağlı ölkə mətbuatında ilginc infomasiyalar yayılmaqdadır. Bu xəbərlərdə göstərilir ki, eks-spiker yaxın vaxtlarda Azzərbaycana qayıtmaq haqqında düşünür. Hətta deyilir ki, o, Vaşinqtonda Müqavimət hərakatı yaradır. Bunlardan əvvəl isə R.Quliyev dekabrın 2-də Azərbaycan xalqına müraciət edərək, ölkənin düşdüyü durumla bağlı açıqlama verdi və bunun həlli yollarını göstərdi.

Bəs ölkənin düşdüyü vəziyyətdən çıxmaq üçün hansı işlər görülməlidir? Eks-spiker bununla bağlı konkret olaraq hansı təkliflər irəli sürür?

Bu və ya digər suallara cavab tapmaq üçün Rəsul bəyin özü ilə əlaqə yaradaraq geniş müsahibə aldıq. O, bizimlə söhbətində bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.

Suallarımızı cavablandıran keçmiş parlament sədri ölkədəki hazırkı durumu heç bir sivil və demokratik ölkənin standartlarına uyğun olmayan bir durum kimi dəyərləndirdi...

"2003-2005-ci illər seçkilərində millətin mənəvi gücünü tamam sındırdılar"

- Azərbaycan xalqının demək olar ki, bütün hüquqları tapdalanır. Bu hökumət son vaxtlarda xalq tərəfdən heç bir müqavimətə rast gəlmədiyinə görə isə daha da azğınlaşıb. Və belə düşünür ki, bu metodla öz hakimiyyətini uzun müddət davam etdirə biləcək. Mən əminliklə deyirəm ki, bu üsuli-idarə Azərbaycanda uzun müddət davam edə bilməz, çünki Azərbaycan xalqı ləyaqətini itirmiş bir xalq deyil. Son 20 ildə dünyada belə düşüncə vardı ki, Rus xalqı ayağa qalxan deyil və Rusiyada heç bir hadisə baş verə bilməz. Putin rejimi isə belə fikirləşirdi ki, heç bir müqavimətə rast gəlməyəcəklər. Ancaq son hadisələr göstərdi ki, bu, belə deyil. Ölkəmizdəki bu gərginlik isə ərəb dünyasında və Rusiyada olanlardan kəskin şəkildə özünü büruzə verəcəkdir. Azərbaycan hökumətinin apardığı siyasət birbaşa xalqın əleyhinə yönəlmiş bir siyasətdir.

-Siz Azərbaycanın problemlərindən danışmaqla birbaşa Rusiya hadisələrinə keçid etdiniz. Bir məsələ də var ki, rus xalqı kiçik bir saxtakarlıq hadisəsi ilə meydanlarda toplana bildi. Ancaq Azərbaycanda baş verən son hadisələrə - gündən-günə baş verən bahaçılıq, rüşvətxorluq, korrupsiya və digər hallara qarşı xalq biganəlik göstərir. Bu nədən irəli gəlir?

-Bu məsələdə bir neçə faktor əsas rol oynayır. Birincisi odur ki, həqiqətən milləti mənən sındırıblar. Rusiyada zaman-zaman demokratik seçkilər keçirilib. 50-55 faiz saxtakarlıqla yanaşı, 30-35 faiz də normal seçkilər keçirilib. Belə ki, Rusiya həmişə əsas üç partiya ilə parlamentdə təmsil olunub. Azərbaycanda isə belə bir proses heç vaxt baş verməyib. 2000-ci ildən bu yana müxalifət parlamentdə özünə yer tapa bilməyib. 2003-2005-ci illər seçkilərində isə millətin mənəvi gücünü tamam sındırdılar. Buna görə də Azərbaycan xalqı Rus xalqı ilə müqayisədə daha çox sındırılmış vəziyyətdə görünür. Başqa bir fakt da ondan ibarətdir ki, ölkəmizdə müxalifət liderlərinin plan və fəaliyyətləri real olmadığından bir qədər qaragüruhçu xarakter daşıyır. Buna dörə də xalqın onlara da inamı itib. Hətta mən deyərdim ki, xalqımız hər iki tərəfdən inamı itirilmiş kütləyə çevrilib. Mənim Müqavimət Hərakatını yaratmaqda məqsədim də xalqı öz məqsədləri və hüquqları uğrunda mübarizəyə qaldırmağa kömək etməkdir. Daha doğrusu sadə və konkret planlaşdırılmış hərəkətlərlə onların talelərini və inamlarını özlərinə qaytarmaqdır. İnanıram ki, buna nail olacağam. Bu inam da ondan irəli gəlir ki, bu hərəkatı yaratmağımdan bir həftə keçməmiş Azərbaycanın bütün regionlarından, o cümlədən xaricdə yaşayan həmyerlilərimizdən çoxlu məktublar, təkliflər almışam. Belə fikirləşirəm ki, xalq artıq öz haqları uğrunda mübarizəyə qalxmağa hazırdır.

"Nə qədər ki, bu rejim var, nəinki indiki nəsil, hətta onların övladları da heç nəyə nail ola bilməyəcək!"


-Bəs yaratdığınız bu hərəkat Azərbaycanda mövcud vəziyyətin həllində rol oynaya biləcəkmi?

-İlk işim ondan ibarət olacaq ki, ölkənin dövlət büdcəsinin gəlirləri barədə hökumət xalqa hesabat versin. Çünki tək Azərbaycanda deyil, bütün dünyada dövlət büdcəsi xalqa məxsus olub. Və Azərbaycan xalqının da haqqıdır ki, bir cəmiyyət olaraq dövlət büdcəsinin hara xərclənməsi ilə bağlı məsələləri vaxtaşırı öyrənsin. Çünki bu haqqı xalqa Azərbaycan Respublikasının Konstitusiyası verib. İstənilən vətəndaş dövlət idarəsinə, universitetə, yaxud Təhsil Nazirliyinə gedib, büdcədə olan vəsaitin hansı işlərə xərclənməsi ilə bağlı sənədləri tələb edə bilər. Hərəkatın görəcəyi işlərdən biri də bu olacaq ki, istənilən vətəndaş Təhsil Nazirliyinin elektron poçtuna məktub yazaraq, təhsilə ayrılan pulların hansı məqsədlərlə xərclənməsinə aydınlıq gətirilməsini tələb etsin. Əgər nazirlik 10 gün müddətində buna aydınlıq gətirməsə, biz elan edəcəyik ki, nazirliyin rəhbərliyindən tutmuş bütün yerli orqanlara qədər hamısı oğurluqla məşğul olur. Əgər oğurluq etmirlərsə, onda vəsaiti hara xərclədiklərini açıqlasınlar. Bir sözlə, biz tək TN-ni deyil, bütün dövlət qurumlarını bu cür açıqlamalar verməyə məcbur etməliyik. Biz xalqa onun seçkilərdə itirdiyi səsverməni göstərməliyik. Bəs xalqın cibindən çıxarılan pullar hara gedir? Bəs bu rejim davam etdikcə, cibdən çıxarılan rəqəmlər hansı həddə qədər inkişaf edəcək? Nə qədər ki, bu rejim var, nəinki indiki nəsil, hətta onların övladları da heç nəyə nail ola bilməyəcəklər. Ən yaxşı halda ailəsini də götürüb xaricə qaça və özünə bir çarə tapa bilər. Əgər Azərbaycan vətəndaşı xaricə qaçacaqsa, deməli onun yerini başqa ölkələrdən gəlmiş insanlar doldurmalıdır. Tarix boyu belə olub ki, bir dövlət itirsə, onun yerinə başqa bir dövlət gəlir. XX əsrdə 100-dən çox dövlət yarandığı kimi, bir o qədər də dövlət yox olub. Hökumətin tutduğu bu yol yeni yaranmış Azərbaycan dövlətçiliyini məhvə doğru aparır. Heç kim də düşünməsin ki, bu dövlət məhv olmayacaq. Əlbəttə ki, yox olacaq və bu dövlətin başqa şansı yoxdur. Məsələn, Gürcüstandan Abxaziya ilə Şimali Osetiyanı qoparıb aldılar. Belə bir vəziyyətdə Rusiya və İran üçün Azərbaycanı parçalamaq problem deyil.

-Bəs göstərdiyiniz problemlərin həlli ilə bağlı hansı işləri görərdiniz və konkret olaraq hansı təkliflər verərdiniz?

-Yuxarıda dediklərim ola bilsin ki, sizə kiçik bir məsələ kimi görünsün. Ancaq bunlar kiçik məsələ deyillər, əksinə, böyük problemli məsələlərdir. Biz addım-addım göstərməliyik ki, bu hökumət oğru hökumətdir və onlar birbaşa xalqın cibinə girərək oğurluq edirlər. Mən də bu istiqamətdə fəaliyyət göstərmək üçün Azərbaycanda özümə tərəfdarlar toplamaq və onların öz hüquqlarını müdafiə etmək üçün fəaliyyət göstərmələrini istəyirəm. Bir şeyi də deyə bilərəm ki, bəlkə də şüaralarla insanları meydanlara çıxarmaq mümkün olardı. Bunun üçün də gərək Azərbaycana gələm. Ancaq gələ bilmədiyim üçün şüarlarla bir şey edə bilmərəm. Mən ancaq konkret iş görmək istəyirəm. Hətta siz özünüz də bilməlisiniz ki, bu korrupsioner hökumət sizin cibinizdən nə qədər pul oğurlayıb və bunu hesablayaraq görməlisiniz ki, bu hökumət son 5 ildə ən azı 10 min manat pulunuzu cibinizdən çıxarıb. Bilin ki, bu məbləğlə siz həyatınızı necə dəyişə bilərsiniz.

-Son günlər sizin Azərbaycana qayıtmaq istəyinizlə bağlı informasiyalar yayılır. Bəs indiki məqamda, xüsusilə sizin İnterpol tərəfindən axtarışda olduğunuz bir vaxtda Azərbaycana necə gələcəksiniz?

-(Gülür): Mənim axtarışda olmağım əslində bir komediyadır. Heç bir cinayət törətməyən bir insanı axtarışa verirlər, ancaq beynəlxalq səviyyədə cinayət törədən insanlar yüksək vəzifələrdə oturub ağalıq edir. Azərbaycana gəlməyimə heç kim maneçilik törədə bilməz və tezliklə Vətənimə qayıdacağam. Bunu həyata keçirməyimə sadəcə olaraq imkan vermirlər. Ölkədə elə bir vəziyyət formalaşmalıdır ki, hökumət məcburiyyət qarşısında mənim Bakıya gəlməyimə şərait yaratsın. Ancaq onlar son güllələrinə qədər döyüşərək mənim ölkəyə gəlməyimə mane olacaq. Biz çalışmalıyıq ki, hökumətin bu imkanını əlindən alaq. Bunun üçün də xalq hərəkətə keçməlidir. Belə olan təqdirdə hökumət mənə qarşı olan aqressiv siyasətini davam etdirə və bura gələcəyim zaman mənə qarşı terror həyata keçirə bilməz. Mənim Azərbaycana dönməyim tezliklə baş tutacaq.

- Siz söhbətimizin girişində xalqın düşdüyü durumdan və buna qarşı müxalifətin fəaliyyətsizliyindən şikayətləndiniz. Bu, bir faktdır və doğrudan da müxalifət hökumətin apardığı siyasətə qarşı birləşə bilmir. Əksinə, daha da parçalanıb və çoxlu qruplara – Üçlər, Beşlər, Qarabağ Bloku, İctimai Palata kimi qrup və təşkilatlara parçalanıb. Sizcə Azərbaycan müxalifəti necə etməlidir ki, birləşə və xalqı arxasınca apara bilsin?

(Ardı var)

Rövşən Ziya / Baki İnformasiya Agentliyi


Geri qayıt