Əsas Səhifə > Gündəm > YARDIMLIDA GÖMÜLƏN ANTİKORRUPSİYA SİYASƏTİ

YARDIMLIDA GÖMÜLƏN ANTİKORRUPSİYA SİYASƏTİ


24-09-2011, 13:48
YARDIMLIDA GÖMÜLƏN ANTİKORRUPSİYA SİYASƏTİ

BAŞÇI KORRUPSİYA İLƏ MÜBARİZƏNİN GÖRÜNTÜ OLDUĞUNU SÜBUTA YETİRİR

Hələ keçən günlərdə Yardımlıda tüğyan edən korrupsiya faktları ilə bağlı sizləri məlumatlandırmışdıq. Artıq redaksiyamıza sözügedən bəlgədən yeni faktlar daxil olmaqdadır.

Xatırladaq ki, rayonun icra başçısı Xəzər Aslanov və rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Mahir Mirzəyev Yardımlıda bütün gəlirli sahələrə nəzarət edirlər. Təbii ki, Mahir Mirzəyev burada yalnız icra başçısının kasseri rolunu oynayır və onun missiyası Xəzər Aslanovun (icra hakimiyyətinin yox!!! –red.) maliyyə işlərini həyata keçirməkdən ibarətdir.

Rayondan daxil olan son məlumatlarda isə bildirilir ki, Yardımlıda Xəzər Aslanovun əsas qazanc ünvanlarından biri də dövlət hesabına maliyyələşən tikinti istiqamətidir. Bu barədə mənbənin söylədikləri:

“Tikinti bazarının bazarkomu, cibində nəinki tikinti sahəsi üzrə təhsil haqqında diplomu yoxdur, heç ali savadı olmayan və yalnız sürücülük vəsiqəsi olan, əhali arasında “şofer Akif” kimi tanınan “Reyhan” MMC adı ilə qeydiyyatdan keçmiş müəssisənin rəhbəridir. Rayonda bütün tikinti-abadlıq işləri bu müəssisə tərəfindən yerinə yetirilir və bununla da dövlət əmlakının talan edilməsi prosesi bir əldən həll olunur”.

Mənbə bildirir ki, hesab-kitab yenə də Mahir Mirzəyev tərəfindən aparılır: “Külli miqdarda vəsait vergidən və sosial ödəmələrdən yayındırılır. Fəhlələrə sayları az göstərilməklə yüksək əmək haqqı rəsmiləşdirilsə də, onların sayı və məvacibləri cüzi məbləğlə, nağd ödənişlərlə aparılır. Səriştəsiz şofer Akifin məharəti nəticəsində rayonun girəcəyində inşa edilən “Arko” giriş qapısı tikintisi başa çatmamış uçmuş, sonradan ikinci dəfə məcburi qaydada təmirə dayandırılıb. Yəni dövlətin vəsaiti bu şəkildə talan edilir”.

Mənbə onu da bildirir ki, dəfələrlə Xəzər Aslanovun özü Mahir Mirzəyevin onun kassiri olmasını etiraf edərək belə deyib: “Mahir olmasa, mən acından ölərəm”. Yəni icra başçısı bütün çirkli maliyyə işlərini Mahir Mirzəyevin əli ilə həyata keçirdiyini etiraf edib:

Məlumatlara görə, Yardımlının kiçik rayon olması səbəbindən artıq bu rayonun gəlirləri Xəzər Aslanovu qane etmir: “Bütün rəhbər və pullu vəzifələr ikinci və bəziləri hətta üçüncü dəfə satılsa da, başçı daha böyük pulların peşindədir”.

Doğrudur, general olmaq istəməyən əsgər pis əsgərdir. Amma Xəsər Aslanovun generallıq iddiasını açıqlamasının özü pis əsgər olmasından xəbər verir. Yəni o, karyera yüksəlişinə daha böyük pullara əlinin çatması üçün bir vasityə kimi baxır.

Təbii ki, Yardımlı ilə bağlı faktlarımız bundan ibarət deyil. Amma çifayda. Əgər ölkədəki korrupsiya ilə mübarizə ovqatı Xəzər Aslanov üçün əhəmiyyət daşımırsa, o zaman faktları sadalamağın nə mənası var. Hər halda korrupsiya ilə mübarizə idarəsinin bu faktları araşdıracağına inamımız olduğundan hələ ümidliyik…

Geri qayıt