Əsas Səhifə > Partiya > ALQIŞ HƏSƏNOĞLUDAN MARAQLI AÇIQLAMA

ALQIŞ HƏSƏNOĞLUDAN MARAQLI AÇIQLAMA


14-12-2011, 13:09
ALQIŞ HƏSƏNOĞLUDAN MARAQLI AÇIQLAMA

““ÜMUMMİLLİ LİDER HAQQINDA” QANUNA ÇOX DA EHTİYAC YOXDUR”

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Alqış Həsənoğlu “Media forum” saytına açıqlamasında mərhum prezident Heydər Əliyevə rəsmən ümimmilli lider statusu verilməsi, “Ümimmilli lider haqqında” qanun qəbul etmək təşəbbüslərinə münasibət bildirib. O qeyd edib ki, “Ümimmilli lider haqqında” qanun layihəsini kimlərin və hansı səviyyədə hazırlanması barədə dəqiq məlumatı olmadığından hələlik heç nə demək mümkün deyil. Amma bütün hallarda istənilən təşəbbüsü müzakirə etmək olar və belə bir sənəd təqdim olunarsa, onu normal qarşılamaq lazımdır.

Eyni zamanda onu qeyd etmək istəyirəm ki, Heydər Əliyev haqqında belə bir hüquqi-siyasi sənəd qəbul edilib. 1995-ci ildə Milli Məclis Heydər Əliyevin hakimiyyətə gəldiyi günü dövlət bayramı kimi qeyd etmək barədə sənədə səs verib. Bu sənəd həmin günün dövlətçilik tariximizdə hansı rolu və əhəmiyyəti daşıdığını ifadə etməklə bərabər həm də Heydər Əliyev şəxsiyyətinə ali bir status verən hüquqi-siyasi sənəddir. Ona görə də bu sənəddən fərqli və daha mükəmməl bir layihənin ortaya çıxacağı o dərəcə real səslənmir. Çünki qurtuluşçuluq Heydər Əliyev fenomeninin canıdır, mahiyyətidir”.

Alqış Həsənoğlunun fikrincə, 15 iyunun dövlət bayramı kimi qeyd olunması Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın siyasi həyatında tutduğu yeri, Heydər Əliyevin tarixi-siyasi missiyasını çox dəqiq, konkret və parlaq şəkildə göstərir: “Düşünürəm ki, vaxtilə qəbul olunmuş həmin qərarı həm tarixi, həm də siyasi baxımdan üstələyə biləcək bir proyektin hazırlanması o qədər də inandırıcı deyil. Əgər belə layihələr, təşəbbüslər olacaqsa, müzakirələr yalnız Milli Qurtuluş Günü və bu günü təsis edən hüquqi-siyasi bazanın ətrafında aparıla bilər. Ümumiyyətlə isə Milli Qurtuluş Günü varsa, bu gün hər il dövlət bayramı səviyyəsində qeyd olunursa, müzakirəyə çıxarılacaq hər hansı bir sənəd o qədər də uğurlu alınmayacaq. Məncə, bu gün hansısa qanun layihəsindən daha çox, Heydər Əliyev haqqında keçirilən tədbirlərin formatının dəyişməsinə çox böyük ehtiyac var”.

Geri qayıt