Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ RÜŞVƏT FONTANI
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ RÜŞVƏT FONTANI4-06-2013, 16:20 |
|
DİA.AZ: - Sumqayıt Dövlət Universitetində (SDU) yeni il qabağı həyəcanlara start verilib. Təbii ki, bu həyəcan da bütün rezonans yaradan qüvvələr kimi yuxarıdan aşağı istiqamətlənən təsir ardıcıllığına malikdir. Belə ki, rektor Nadir Qəhrəmanovun yeni il qayğıları, icrası prorektorlara və onlardan da üzü aşağı yönləndirilən konkret göstərişlərə transfer olunur. Son nəticədə isə SDU-nun tələbələri yeni tariflər qarşısında qalırlar. Məhz bu tariflərə görə Sumqayıt Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 700-800 manat civarında müəyyənləşdirilib. Qeyd edək ki, diqqətimizin SDU-ya yönəlməsinə səbəb olmuş ilk məlumatlar DİA.AZ-a hələ bu ilin əvvəllərində, daha dəqiq desək yanvar ayının son günlərində daxil olmuşdu. Məhz həmin məlumatlarda belə bir iddia irəli sürülmüşdü ki, Sumqayıt Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırdılar. Lakin sonrakı məlumatlarda artıq heç bir qeyri-müəyyənliyə yer qoyulmamışdı. Mənbələr israrla bildirirdilər ki, pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən iki şəxsə-universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynova və qiyabi təhsil üzrə prorektor Qafar Ramazanova həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdur. Xatırlayırsınızsa ötən ilin sonlarında da bəzi informasiya vasitələri bu universitetin tələbə və professor-müəllim heyəti tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə SDU-nun rektoru Nadir Qəhrəmanovdan şikayət məktubu hazırlanması barədə məlumatlar yayımlamışdılar. Məlumatlarda şikayətçilərin sözlərinə istinadən bildirilirdi ki, universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir. Belə ki, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar, kafedra müdirləri və müəllimlər, hətta laborantlar belə rüşvət müqabilində təyin olunurlar. Universitetdə yaşanan problemlərdən biri də rektor Nadir Qəhrəmanov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Nadir Qəhrəmanov universitetə rektor təyin edildikdən sonra ilk olaraq qardaşı Rəşid Qəhrəmanovu “Ümumi Kimya” kafedrasına müdir təyin etmişdi. Növbəti təyinat isə universitetdə ümumiyyətlə böyük təəccüb və anlaşılmazlıqla qarşılanmışdı. Belə ki, rektor orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı daha bir qohumunu universitetin “Riyaziyyat” kafedrasına müdir təyin etmişdi. N.Qəhrəmanovun kadr siyasətinə dair daha bir maraqlı məlumatda isə qeyd olunur ki, rektorun gəlini A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, əslində o, Bakıda yerləşən modalar evinə rəhbərlik edir. Mövzu ilə bağlı digər informasiya vasitələrində yayımlanan məlumatlarda isə göstərilir ki, N.Qəhrəmanovun oğlu, qızı və kürəkəni də SDU-da çalışırlar və həm də onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər. Bu arada isə universitetdə yol verilən qanun pozuntuları barədə yeni məluatlar da kütləvi informasiya vasitələrinə daxil olmaqda davam edir. Növbəti belə məlumatlardan birində 2012-ci ilin qəbul planına uyğun olaraq TQDK-nın əmri əsasında SDU-ya qəbul olan tələbələrin bu universitetə qeydiyyata alınması zamanı müşahidə olunmuş korrupsiya halına dair faktlar təqdim olunur. Bildirilir ki, tələbələrin qeydiyyatı zamanı onların hər birindən 50 manat məbləğində pul tələb olunaraq alınmışdır. Ən maraqlısı isə budur ki, tələbələrə yığılan pulun TQDK-nın sədri Məleykə Abbaszadəyə çatacağı bəyan edilib. Təbii ki, pul yığımını hər zaman olduğu kimi yenə də Yadigar Hüseynov həyata keçirmişdir. DİA.AZ-la əlaqə saxlayan “Rüşvətsiz Təhsil Hərakatı”nın üzvləri isə rektor Nadir Qəhrəmanovun yeni maxinasiyalarını ifşa edən növbəti məxfi məlumatlara çıxış əldə etdiklərini bildiriblər. Onların sözlərinə görə bu məlumatlar ilin sonlarında müvafiq maliyyə idarəsi tərəfindən “silinməyə” təklif olunan büdcə vəsaitlərinin mənimsənilməsi üçün tərtib olunmuş fəaliyyət sxeminin təfərrüatlarına aydınlıq gətirə biləcək... Geri qayıt |