Əsas Səhifə > Partiya > AZAD KLİNTONA HAQQ QAZANDIRIR
AZAD KLİNTONA HAQQ QAZANDIRIR14-12-2011, 12:46 |
“AZƏRBAYCANIN ADINI ZİMBABVE İLƏ BİRGƏ ÇƏKİLMƏSİNİ ALQIŞLAYIRIQ” Azərbaycanlı məmurların ABŞ-ın dövlət katibi Hillari Klintonun son bəyanatına reaksiyası analitikləri təəccübləndirib. Dekabrın 9-da dövlət katibi H.Klinton son bəyanatında fikir azadlığı hüququnu həyata keçirənlərə qarşı zorakılığın davam etməsindən şikayətlənib. O deyib: “Azərbaycandan tutmuş Zimbabveyə kimi siyasi məhbuslar öz fikirlərinə, yazılarına, dinc təbliğata və ya öz əqidələrinə görə hələ də həbsdədir”. Lakin Azərbaycan XİN və Prezident Administrasiyası Klintonun iradlarından narazılıqlarını bildirərək qeyd ediblər ki, Vaşinqton Ermənistanda baş verən pozuntuları görməyərək yalnız Azərbaycan haqqında mənfi rəy verir. Amerikanın Xarici Siyasi Araşdırmalar İnstitutunun (FPRİ) baş elmi işçisi Cerald Robbins Turan-a şərhində bildirib ki, Azərbaycanın əvəzində A hərfi ilə başlayan digər ölkə də göstərilə bilərdi. Lakin demək olmaz ki, ölkənin adı təsadüfən çəkilib. Başqa bir analitik, Ostin Universitetinin professoru Maykl Tkaçik qeyd edib ki, Bakıda hakimiyyət diqqəti öz problemlərindən yayındırmağa çalışır. Lakin bu səylər ilk növbədə Azərbaycanda daxili auditoriyaya hesablanıb. “Human Rights Watch hər iki ölkəni pozuntularda ittiham edir, lakin onların gəldiyi nəticə belədir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət Ermənistanda olduğundan pisdir”, - Tkaçik vurğulayıb. O qeyd edib ki, digər hörmətli təşkilat Freedom House da Ermənistana “qismən azad”, Azərbaycana isə “azad olmayan ölkə” kimi baxır. Analitikin fikrincə, Azərbaycanın adının çəkilməsi ilə bağlı Klintonun qərarı bir sıra amillərlə əsaslandırılıb. Birincisi, ABŞ öz xarici siyasətində daim insan haqlarına toxunur. Vaşinqtonun insan haqlarına diqqəti ABŞ-ın dünyada mənəvi nüfuzunu təsdiqləyir və ABŞ-ın xarici siyasətində bu dəyərin prioritet olmasından xəbər verir. İkincisi, xanım Klinton Azərbaycanın adını ona görə çəkib ki, bu ölkədə həqiqətən insan haqları ilə bağlı problemlər var. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda kiçik yaxşılaşmalar ola bilsin ki, Freedom House-un siyahısında onu “azad olmayan ölkə”dən “qismən azad ölkə”yə çevirə bilsin. Əgər bu, baş versəydi, Klinton üçün Azərbaycanla Zimbabveni (insan hüquqlarının amansızlıqla pozulduğu ölkə) bir sıraya qoymaq çox çətin olardı, Tkaçik vurğulayıb. ABŞ jurnalistlərin qorxudulmasından, polisin və hökumətin qəddarlığından, ədalətli kompensasiya olmadan mülkiyyətin zəbt edilməsindən (xüsusilə Bakıda), 2010-cu ilin noyabr seçkilərindəki pozuntulardan, toplaşma, vicdan azadlıqlarının, qadın hüquqlarının pozulmasından, korrupsiya faktlarından narahatdır, analitik qeyd edib. Öz növbəsində Demokratiya Uğrunda Azərbaycan-Amerika təşkilatı (AZAD) bəyanatla çıxış edərək dövlət katibi Klintonun insan haqlarının pozulduğu ölkələr sırasında Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkməsini alqışlayıb. AZAD Azərbaycan XİN və Prezident Administrasiyasını dövlət katibi Klintonun obyektivliyini şübhə altına almaq cəhdlərinə görə tənqid edib. “Amerikanın mənəvi liderliyi, başqa ölkələrdə azad və açıq cəmiyyətlərin inkişafına yardımı ABŞ-ın milli maraqlarına uyğundur, davamlı sülh və qlobal təhlükəsizliyə xidmət edir. Biz ABŞ hökumətini və bütün seçkili vəzifəli şəxsləri Azərbaycanda demokratiyanı dəstəkləməyə, fərqli düşünənlərə qarşı təzyiqlərə, insan hüquq və azadlıqlarının pozulmasına son qoyulması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırırıq”, - bəyanatda deyilir. AZAD hesab edir ki, nə Azərbaycan XİN-in, nə də Prezident Administrasiyasının bəyanatına Azərbaycan xalqının və ya dünya azərbaycanlılarının hislərinin ifadə olunması kimi baxıla bilməz. “İndiki rejimdə Azərbaycanda bütün seçkilər hakim partiyanın xeyrinə kobud şəkildə saxtalaşdırılıb və hakimiyyət vətəndaşların öz fikirlərini sərbəst ifadə etməsinə əngəl törətməkdə davam edir. Bakının indiki hökuməti hakim rejim üzvləri istisna olmaqla, Azərbaycan xalqının iradə və fikrinin ifadə olunmasında legitim deyil”,- bəyanatda vurğulanır. Geri qayıt |