Əsas Səhifə > Gündəm, Manşet > BAĞÇAYA QƏBUL ALİ MƏKTƏBDƏN ÇƏTİN İMİŞ

BAĞÇAYA QƏBUL ALİ MƏKTƏBDƏN ÇƏTİN İMİŞ


1-06-2013, 10:04
BAĞÇAYA QƏBUL ALİ MƏKTƏBDƏN ÇƏTİN İMİŞ
PAYTAXT SAKİNİ İKİ İLDİR Kİ, ÖVLADINI UŞAQ BAĞÇASINA QOYA BİLMİR

DİA.AZ: - Redaksiyamıza Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini Azər İsmayılov şikayət ərizəsi ilə müraciət edib. Vətəndaş DİA.AZ-a ünvanladığı şikayət məktubunda bildirir ki, iki ildir övladını sözügedən ərazidə yerləşən «Süsən» uşaq bağçasına qoya bilmir. Səbəbi isə məlum deyil.

Narazı salınan vətəndaş redaksiyamıza yazır: «İki ilə yaxındır ki, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 11 ünvanında yerləşən «Süsən» uşaq bağçasında övladım üçün yer tapılmır. Hər halda, bağçanın müdirəsi Sevil xanım hər dəfə bu bəhanəni gətirir.

Hər müraciətimdə eyni cavabı alıram: YER YOXDUR!!! Aidiyyatı qurumlara dəfələrlə müraciət etsəm də, xeyri olmayıb. Nə Bakı şəhər icra hakimiyyətinin məktəbə qədər təhsil idarəsinin nümayəndəsi Eldar müəllim, nə də digər aidiyyatı qurum nümayəndələri üzləşdiyim bu biabırçı problemi həll edə bilmirlər».

Vətəndaşın şikayətindən anlaşılır ki, ondan üstüörtülü şəkildə rüşvət də tələb ediblər: «Mənə işarə edirlər ki, 50 faiz gətirim. Mən başa düşə bilmirəm, nəyin 50 faizi? İki ildir məni süründürürlər, övladımın isə yaşı artıq 5-dir və belə gedərsə, ona normal qaydada məktəbəqədər təhsil verə bilməyəcəm. Sanki ali məktəbə uşaq düzəldirəm. Xahiş edirəm, kömək edin».

Geri qayıt