Əsas Səhifə > Siyasət, Manşet > MÜBARİZ AĞAYEV PA ŞEFİNİN SÖZÜNƏ NECƏ ƏMƏL EDİB?

MÜBARİZ AĞAYEV PA ŞEFİNİN SÖZÜNƏ NECƏ ƏMƏL EDİB?


30-05-2013, 10:08
MÜBARİZ AĞAYEV PA ŞEFİNİN SÖZÜNƏ NECƏ ƏMƏL EDİB?
PA-DAKI TOPLANTIDAN SONRA İCRA BAŞÇISI PUL YIĞIMINA BAŞLAYIB

DİA.AZ: - Quba üsyanının ardından rayona Mingəçevirdən rəhbər kimi transfer edilən Mübariz Ağayevin adı yenidən mətbuatda səslənməyə başlayıb. Deyilənlərdən aydın olur ki, icra başçısının oğlu törətdiyi qəza nəticəsində bir nəfərin ölümünə nədən olsa da, bu hadisə Mübariz Ağayevin «səyi» nəticəsində ört-basdır edilib. Amma məsələ bu deyil.

DİA.AZ-a rayondakı qaynaqların verdiyi informasiyalardan aydın olur ki, Mübariz Ağayev bir neçə gün əvvəl qarşıdan gələn prezident seçkilərilə əlaqədar rayonun idarə müdirlərinin iştirakı ilə toplantı keçirib: «Toplantıda prezident seçkiləri əsas müzakirə mövzusu olsa da, Mübariz Ağayevin bir hədəfinin olduğu net şəkildə hiss olunurdu».

Mənbəmiz iddia edir ki, Mübariz Ağayev açıq şəkildə idarə müdirlərinin qarşısında seçkilərlə bağlı pul yığımı tələbini də qoyub: «İcra başçısı hətta bunun «yuxarıdan» sifariş edildiyini də iddia edib. Başçı bildirib ki, «onda seçkiləri idarə etmək, yola vermək üçün yetərincə pul yoxdur. Buna görə də «yuxarılar» idarə müdirlərindən və sahibkarlardan pul yığmağa göz yumulacağını deyib»».

Mənbənin sözlərinə görə, icra başçısının adından toplantıdan sonra bütün idarə müdirlərinə tələb olunan məbləğ barədə informasiya verilib: «Məsələn, yerli idarə müdirlərindən biri (onun adı redaksiyamıza məlumdur -red.) ondan 6 min manatın tələb olunduğunu bildirib. Eyni qaydada digər idarə müdirlərindən və sahibkarlardan da fərqli-fərqli məbləğlər istənilib».

Onu da xatırladaq ki, Mübariz Ağayevin toplantısının bu günlərdə Ramiz Mehdiyevin Prezident Administrasiyasında icra başçıları ilə keçirdiyi toplantının ardından baş tutduğu da söylənilir. Bu isə o deməkdir ki, hələ də ayaqda olan PA şefi köhnə bazara təzə nırx qoymaq istəməyib. Yəni onun təlimatı əsasında yerlərdə seçkilərə ənənəvi tədarük görülməkdədir…

Geri qayıt