Əsas Səhifə > Siyasət, Manşet > "MANDAT BAZARLIĞI"NI KİMLƏR UNUTDURUR?
"MANDAT BAZARLIĞI"NI KİMLƏR UNUTDURUR?25-05-2013, 09:48 |
RAMİZ MEHDİYEVİN ƏMİN GEDİŞLƏRİ ONUN SİYASİ ÖMRÜNÜ UZATMIŞ OLDU DİA.AZ: - İndi nə baş verəcək? Hər halda, Ramiz Mehdiyevin revanşından sonra bu sual olduqca aktualdır. Çünki dünənə qədər ancaq ehtimal olunanı Prezident Administrasiyası rəhbərinin əleyhinə atıla biləcək addımlar idi. İndi isə bunun əksi müşahidə olunmaqdadır. Hətta vəziyyət o həddədir ki, Ramiz Mehdiyevin «kisəsindən getmiş» keçmiş YAP-çı deputat Gülər Əhmədovanın azadlığa belə buraxılacağı söylənilir. Yəni vəziyyət bu həddə qədər dəyişib. DİA.AZ-a bu barədə məlumatlarını çatdıran Nazirlər Kabinetindəki mötəbər mənbə vurğulayıb ki, əslində Ramiz Mehdiyevin yenidən rıçaqlara nəzarəti əlinə alması və yenidən hadisələrin episentrində görünməsi əslində onun rəqiblərinin ağ bayraq qaldırması fonunda baş verən bir hadisədir. Mənbənin söylədikləri: «Ramiz Mehdiyev kifayət qədər peşəkar olduğunu özünün çoxgedişli kombinasiyaları ilə də ortaya qoydu. Ona qarşı ağır ittihamlar var idi, onun adı külli miqdarda rüşvət almada çəkilirdi, ortada real ittihamçı var idi… amma Ramiz Mehdiyev nə etdi? Sanki heç nə olmayıbmış ki, davranaraq Şah İsmayıl Xətaidən yazdığı elmi əsərlərini ortaya qoydu. Yəni Ramiz Mehdiyev ittihamlara özü yox, adamlarını və arxasında duran adamları müqavimət göstərməyə vadar etdi. Nəticədə bir kəlməlik də olsa, izahat verməyən Ramiz Mehdiyevlə bağlı «mandat bazarlığı» məsələsi sanki unudulmuş duruma düşüb». Mənbəmizin sözlərinə görə, əslində Ramiz Mehdiyevin bu vəziyyətdə proseslərdən qalib ayrılmasının bir nədəni də ona qarşı cəbhə təşkil edən qüvvələrin kifayət qədər səriştəsiz addımlar atması ilə bağlıdır: «Təbii ki, burada ustalıq mühümdür. Amma bir məqamı da unutmaq lazım deyil. Döyüş hələ bitməyib. Ola bilsin ki, əks-cinah mənsubları hər şeyi seçkidən sonraya saxlayıblar. Hiss olunanı da budur. Çünki ümumiyyətlə, hazırda Azərbaycan hakimiyyəti daxilində baş verən proseslər regionda cərəyan edən hədisələrin tərkib hissəsinə çevrilib, ondan asılı vəziyyətə düşüb. Rusiyanın regiondakı vəziyyəti dəyişməyincə, Kremlin Cənubi Qafqazdan əli üzülməyincə, bu vəziyyət davam edəcək». Mənbəmiz onu da əlavə etdi ki, amma istənilən halda dəyişiklik olmalıdır: «Bu, qaçılmaz bir prosesdir. Rusiya Suriyada da tam sıxışdırılıb. İndi isə İran məsələsi aktualdır. Belə bir şəraitdə Azərbaycanın da İrandakı dəyişikliklərə hazırlanması, hazır olması lazımdır. Bunun üçün isə Rusiya ilə yanaşı, rus canişinləri də Cənubi Qafqazdın uzaqlaşdırılmalıdır». Geri qayıt |