Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV DÜNƏN KİMLƏRƏ MEYDAN OXUDU?

RAMİZ MEHDİYEV DÜNƏN KİMLƏRƏ MEYDAN OXUDU?


25-05-2013, 08:55
RAMİZ MEHDİYEV DÜNƏN KİMLƏRƏ MEYDAN OXUDU?
PA ŞEFİ SEÇKİLƏRİN HƏLƏ DƏ ONUN NƏZARƏTİNDƏ OLDUĞUNU BƏYAN ETDİ

DİA.AZ: - Məlum olduğu kimi, dünən - mayın 24-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icra başçıları ilə görüş keçirib. Yerli KİV-lərdə yayılan xəbərə görə, toplantıda ölkənin bütün rayonlarının, eyni zamanda Naxçıvan Muxtar Respublikasının rayonlarının icra başçıları da iştirak ediblər.

Məlumata görə, görüşdə bu ilin oktyabrında baş tutacaq prezident seçkilərinə hazırlıqla bağlı icra başçılarına müəyyən tapşırıq və tövsiyələr verilib. Eyni zamanda, yerlərdə sosial problemlərin həlli, əhali ilə münasibət və digər məsələlər ətrafında ciddi müzakirələr olub. Toplantıda MSK sədri Məzahir Pənahov da çıxış edib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçılarını PA-ya toplaması əslində onun özünübərpası yolunda atdığı ən ciddi addımlardan biri kimi xarakterizə olunmalıdır və mənbəmiz dünənki toplantıya dırnaqarası baxılmasını heç də doğru hesab etmir.

Mənbənin söylədikləri: «Prezident İlham Əliyev 12 fevral tarixində icra başçılarının iştirakı ilə bir müşavirə keçirdi. Və həmin müşavirədə əsas olaraq diqqətə gələni dövlət başçılarının rayon rəhbərlərinə «sizi mən təyin etmişəm» şəklində ifadə etdiyi ismarıc idi. İndi isə Ramiz Mehdiyev icra başçılarını bir bəhanə ilə toplayır və özünün güc olduğunu, güc olaraq qaldığını sübuta yetirməyə çalışır.

Unutmaq lazım deyil ki, birinci toplantıda, yəni prezidentin keçirdiyi müşavirədə Ramiz Mehdiyev iştirak etməmişdi. Çünki həmin ərəfədə Mehdiyevin mövqeləri təhlükə altında idi və hətta onun görəvindən alınacağı da söz konusu idi. Amma sonradan PA şefi mövqelərini möhkəmləndirməyi bacardı. Təbii ki, burada Kremldən və İrandan gələn basqıları, həmçinin daxildə mehdiyevçilərin xüsusi gedişlərini unutmaq lazım deyil.

Beləcə, Ramiz Mehdiyev yenidən toparlanmağa müvəffəq olmaqla yanaşı, eyni zamanda özünün əvvəlki mövqeyində qalldığını sübuta yetirmə yolunda dünənki toplantını da düzənləmiş oldu».

Mənbəmiz onu da bildirdi ki, seçkiqabağı dönəmdə Mehdiyevin belə bir gedişdə bulunması bir çox çevrələr üçün ciddi siqnal rolunu oynayıb: «Təbii ki, rəqibləri bu prosesdən gərəkən siqnalı alıblar. Onlar nə edəcək? Bu, artıq zamanın işidir. Əgər situasiya bu şəraitdə saxlanılarsa, o zaman Ramiz Mehdiyevi hətta prezident seçkilərindən sonra da yola salmaq mümkün olmayacaq. Çünki bu kimi addımları ilə Mehdiyev hələ də «seçkilərin sirri məndədir» deməklə yanaşı, həm də favorit güc olduğunu nümayiş etdirmiş olur».

Geri qayıt