Əsas Səhifə > Siyasət, Manşet > QOVULAN ŞÖBƏ MÜDİRİNƏ HƏBS TƏHLÜKƏSİ

QOVULAN ŞÖBƏ MÜDİRİNƏ HƏBS TƏHLÜKƏSİ


21-05-2013, 11:28
QOVULAN ŞÖBƏ MÜDİRİNƏ HƏBS TƏHLÜKƏSİ
ŞAHRZA ƏLİYEVLƏ YANAŞI, DAHA 3 REKTORA QARŞI DA REAL FAKTLAR VAR

DİA.AZ: - Hələ xeyli əvvəldən məlumat verərək bildirmişdik ki, yeni təhsil naziri Mikayıl Cabbarov nazirliyin maliyyə şöbəsinin müdiri Şahrza Əliyevi tutduğu vəzifəsindən azad edəcək və artıq qərar verilib. İndi isə Şahrza Əliyevin vəzifəsindən gedişi barədə qərar təsdiqlənib və onun özü də bu barədə danışıb. Xatırladaq ki, Şahrza Əliyevi adı yaddaşlarda həm də mərhum şairimiz Əli Kərimin oğlu Orxan Kərimovun günahsız yerə qurban verilməsi zamanı xüsusi olaraq diqqətə gəlmişdi.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində Şahrza Əliyev nazirlikdə qanunsuz tələbə qəbulu prosesini yönəldən bir nömrəli fiqurdur və zaman-zaman onunla bağlı hətta Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə müvafiq dövlət qurumlarına da konkret faktlara söykənən məlumatlar ötürülüb. Amma Misir Mərdanovun adamı kimi tanınan Şahrza Əliyev həm vəzifəsində qalırdı və həm də qanunsuz tələbə qəbulu biznesini davam etdirirdi.

Nəhayət ki, Mikayıl Cabbarov bu adamla vidalaşma qərarını verdi. Mənbəmizin sözlərinə görə, bu da Şahrza Əliyev üçün son hesab olunmaya bilər: «Onunla bağlı köhnə faktların gündəmə gətirilməsi də gözləniləndir. Çünki bir neçə il əvvəl günahsız həbs olunan və cəza alan Orxan Kərimovun özü də verilən məhkəmə qərarından narazı qalaraq, şikayətçi düşüb. Eyni zamanda TQDK xətti ilə aidiyyatı üzrə dövlət qurumlarına göndərilən faktların da araşdırılmasına başlanılıb. Yəni bu proses çox böyük çevrələri belə əhatə edə bilər».

Mənbəmiz bildirir ki, Şahrza Əliyevlə yanaşı, neçə-neçə ali məktəbin rektoru da cəzalandırıla bilər: «Əgər Mikayıl Cabbarov bu işi uğurla başa çatdıra bilsə, özündə buna cəsarət tapsa, o zaman həm Şahrza Əliyevin və həm də Misir Mərdanovun qanunsuz tələbə qəbulu biznesində əsas yer tutan 3 rektorun barəsində cinayət işinin açılması, onların həbsi qaçılmazdır».

Geri qayıt