Əsas Səhifə > Hadisə > 3 GÜN İDİ İTƏN BALIQÇILARIMIZ TAPILDI
3 GÜN İDİ İTƏN BALIQÇILARIMIZ TAPILDI11-12-2011, 16:42 |
ONLARIN SAĞLI DURUMU QƏNAƏTBƏXŞDİR Xəzər dənizində qayıqda itkin düşmüş şəxslər xilas ediliblər. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, dekabrın 8-də Xəzər dənizinin Azərbaycanla Rusiya sərhədində sahildən 10 dəniz mili (18,5 km) aralıda motorlu qayıqlarda balıqçılıqla məşğul olan Azərbaycan vətəndaşları Ramil Həsənov, Məhərrəm Hüseynov və Elman Əhmədovun pis hava şəraitində itkin düşməsi barədə məlumat daxil olub, təcili olaraq Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası və Dövlət Sərhəd Xidməti tərəfindən birlikdə təxirəsalınmaz əməliyyatın həyata keçirilməsinə başlanılıb. Həyata keçirilmiş əməliyyat nəticəsində balıqçıların olduğu ərazi müəyyən edilib və Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi vasitəsilə həmin ərazidən keçən və mənsubiyyətindən asılı olmayaraq bütün gəmilərə zəruri göstəriş və təlimatlar verilib, nəticədə 10 dekabr 2011-ci il tarixdə saat 14.30 radələrində Rusiya bayrağı altında üzən “Ulus Briz” gəmisi ilə Ramil Həsənov, 11 dekabr 2011-ci il tarixdə saat 02.55 radələrində “Orient-5” gəmisi vasitəsilə isə Məhərrəm Hüseynov və Elman Əhmədov xilas ediliblər. Xilas edilmiş balıqçılar Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil veriliblər, hazırda onların sağlamlıq vəziyyəti qənaətbəxşdir. Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan vətəndaşlarının xilas edilməsi istiqamətində göstərilmiş köməkliyə görə Rusiya Federasiyası Həştərxan Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə və xilasetmə əməliyyatını birbaşa həyata keçirmiş gəmi heyət üzvlərinə təşəkkür ünvanlanıb. Geri qayıt |