Əsas Səhifə > Ölkə > XAÇMAZDA FÖVQƏLADƏ OLAY
XAÇMAZDA FÖVQƏLADƏ OLAY24-09-2011, 11:10 |
BİR QADIN PREZİDENTƏ BİNANIN DAMINDAN XİTAB ETDİ Dünən prezident İlham Əliyevin Xaçmaz rayonuna səfəri əsnasında sıradışı olay baş verib. Bu barədə musavat.com-a Xaçmaz şəhərində yaşayan daimi oxucularımızdan biri məlumat çatdırıb. Baş verən hadisənin canlı şahidi olan mənbənin dediyinə görə, İlham Əliyev Xaçmaz şəhərinin mərkəzindəki “Heydər parkı”nda eks-prezident Heydər Əliyevin abidəsinə gül dəstəsi qoyarkən gözlənilmədən yaxınlıqdakı beşmərtəbəli binanın damından qadın səsi eşidilib: “Dama çıxan qadın İlham Əliyevə müraciətlə bərkdən qışqırırdı ki, onun anasını öldürüblər, qatil isə prezidentin yanında dayanan icra başçısı Şəmsəddin Xanbabayevdir”. Mənbənin bildirdiyinə görə, bu gözlənilməz qışqırıq hər kəsin, o cümlədən prezidentin diqqətini cəlb edib. Dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan mühafizəçilər dəstəsi çaşqınlıq keçiriblər, amma toparlanaraq hərəkətə gəlib, buraxdıqları səhvi düzəldərək dama çıxmış qadını aşağı endiriblər. Məlum olub ki, bu qadın Xaçmaz bazarının ötən il qətlə yetirilmiş sahibi Nəcibə Babayevanın qızı Gülnarədir (onun soyadı başqa cürdür). O, artıq neçə müddətdir ki, sahibkar anasının vəzifəli şəxslər tərəfindən qəsdən öldürüldüyünü bildirir və iddiasından geri çəkilmir. Mərhum sahibkarın qızı saxlanılaraq sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Ancaq onun hərəkəti mərasimdəki rəhbər şəxslərdə, xüsusilə də Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdə dərin pərtlik yaradıb. Onu da qeyd edək ki, N.Babayevanın meyiti 2010-cu ilin sentyabrında yaşadığı Xaçmaz şəhərində Muskal küçəsindəki evində tapılıb. Ancaq zərərçəkən ailənn üzvlərinin fikrincə, onun əsl qatili və ya qətlin sifarişçisi aşkar edilməyib. Geri qayıt |