Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVƏ SARSIDICI ZƏRBƏ HAZIRLANIR
RAMİZ MEHDİYEVƏ SARSIDICI ZƏRBƏ HAZIRLANIR17-05-2013, 11:42 |
RƏQİBLƏRİ PA ŞEFİNİ SIRADAN ÇIXARMAQ ÜÇÜN GÜCLƏRİNİ BİRLƏŞDİRİR DİA.AZ: - Prezident Administrasiyası daxilindəki gərginliklər əslində keçən ilin sonlarına yaxın prezident tərəfindən PA rəhbərinə yeni müavin postlarının yaradılması ilə pik həddinə çatdı. Həmin ərəfədə yayılan xəbərlərdə də açıq şəkildə vurğulanırdı ki, bütün bunlar PA şefi Ramiz Mehdiyevin iradəsindən kənar baş verən olaylar idi. Xatırladaq ki, həmin ərəfədə fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev xüsusi fəallıq nümayiş etdirirdi və Ramiz Mehdiyev videobombardmanların fonunda isterik açıqlamaları ilə duruş gətirməyə çalışırdı. Doğrudur, sonradan Ramiz Mehdiyev vəziyyətdən çıxmağa müvəffəq oldu və burada Kremlin rəsmi Bakıya basqılarını artırması da mühüm rol oynadı. Azərbaycan iqtidarına birbaşa və dolayı yollarla başa salındı ki, Rusiyadan radikal şəkildə qopma qeyri-mümkündür. Və bu qopuşun əsas pik nöqtəsi hesab olunan Ramiz Mehdiyevin vəzifəsindən alınması olayı isə Azərbaycan iqtidarına baha başa otura bilər. Və bunların fonunda rəsmi Bakı yenə də öz niyyətinə doğru irəliləməyə çalışdı. Ramiz Mehdiyevə onun ürəyincə olmayan iki açar isim - Zeynal Nağdəliyevlə Əli Əsədov müavin təyin olundu. Buna paralel olaraq isə Ramiz Mehdiyevin Azərbaycandan Tacikistana «sürgün etdiyi» Məhərrəm Əliyev kimi bir fiqur isə PA rəhbərinin köməkçisi vəzifəsinə gətirildi. DİA.AZ bildirir ki, əslində prezident seçkilərilə əlaqədar münasibətlərdəki gərginlik səngimiş kimi görünsə də, vəziyyət heç də nəzərə çarpan şəkildə deyil. Məlumatlı mənbədən redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, hələ də yeni vəzifəsində Məhərrəm Əliyev hansısa ciddi fəaliyyətini ortaya qoya bilməyib: «Onun hətta PA daxilində həmsöhbətləri belə yetərincə deyil. Və bir dəfə də olsun Ramiz Mehdiyevlə Məhərrəm Əliyevin işgüzar söhbətləri olmayıb. Bu isə həm də o deməkdir ki, PA şefi aradakı incikliyi nəinki unutmayıb, həm də Məhərrəm Əliyevin PA-ya gətirilməsinin arxasında hansı niyyətin dayandığını yaxşı bilir». Məlumatı verən qaynaq onu da bildirdi ki, lakin seçkilər məsələsi onların ciddi şəkildə toqquşmasını qaçılmaz edir: «Toqquşma mütləq baş verəcək. Burada Mehdiyevə müxtəlif cinahlardan hücumlar edilir və ediləcək də. Yəni elə bir şərait yaradılır ki, Mehdiyev könüllü şəkildə istefaya getsin. Amma o, köhnə sovet kadrıdır və sovet dövründəki təzyiqlərin mində birini görməməsi səbəbindən, bu gün üzərinə gələn basqılar onun üçün uşaq oyuncağına bənzəyir». Mənbəmizə görə, bu səbəbdən rəqibləri də kifayət qədər dayanıqlı görünən Mehdiyevə qarşı həlledici hücum tədarükündədirlər: «Bu cühumun mahiyyətində nə dayanacaq hələlik məlum deyil. Amma tədarük ab-havası hiss olunandır». Geri qayıt |