Əsas Səhifə > Gündəm, Manşet > VƏTƏNDAŞLARI TALAYAN 200 SAYLI TİKİNTİ BƏLASI

VƏTƏNDAŞLARI TALAYAN 200 SAYLI TİKİNTİ BƏLASI


17-05-2013, 10:31
VƏTƏNDAŞLARI TALAYAN 200 SAYLI TİKİNTİ BƏLASI
DAHA BİR FIRILDAQÇI ŞİRKƏT İNSANLARIN İNAMINDAN SUİ-İSTİFADƏ EDİR

DİA.AZ: - Bakıda daha bir fırıldaqçı tikinti şirkəti peyda olub. Şirkət 2006-cı ildən vətəndaşları aldadaraq onlara mənzil tikmək adı ilə külli miqdarda pul yığsa da, hələ ki, vətəndaşlar mənzillərinə sahib çıxa bilmirlər. Bu barədə DİA.AZ-a Bakı şəhər sakini, zərərçəkmiş Gülnarə Hacıyeva məlumat verib. Zərərçəkənin dediyinə görə, 2006-cı ildə tikinti şirkəti adı ilə fəaliyyət göstərən bir şirkət vətəndaşlara elan verərək onlara şəhərin mərkəzi hissələrində mənzillər təklif edib. Bu məqsədlə 100-ə yaxın sakin şirkətlə müqavilə bağlayıb və şirkətə rəsmi qaydada pul ödəyib. Şirkət 200 saylı Mənzil Tikinti Kooperativi adlanır.

Şikayətçinin DİA.AZ-a dediyinə görə, 2006-cı ildə hamı kimi o da 200 saylı MTK-nın reklamı ilə maraqlanır və həmin şirkətin inşa etdirəcəyi binadan mənzil almaq qərarına gəlir. Şirkətin şirnikləndirici təkliflərinə inanan Gülnarə Hacıyeva şirkətlə əlaqə saxlayır və təkliflərlə razılaşır. Şirkət o qədər şirnikləndirici vədlər verir ki, Gülnarə Hacıyeva hətta hazırda yaşadığı mənzili satıb kirayələrdə qalmaqdan belə şəkinmir:

“2006-cı ildə 200 saylı MTK-nın bünövrədən bina üçün pul yığdığını eşitdim. Əlaqə saxladım, şirkətdən mənə vədlər verdilər ki, həmin vaxt pul ödəsəm, ucuz qiymətə başa gələcək mənzil. Mən də onlara inandım, Hövsan qəsəbəsində evimi 35 min 700 dollara satdım və pulu olduğu kimi şirkətə ödədim. Şirkətlə bağladığım müqaviləyə əsasən mənə Bakı şəhəri,Yasamal rayonu,Yeni Yasamal Bunyadzadə kuçəsi 60 da yeni inşa ediləcək 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində, umumi sahəsi 119 kvadratmetr olan 60 saylı 3 otaqlı mənzili mənə satmalı idilər. Şirkətdən bildirdilər ki, artıq binanın bünövrəsi başlanıb və 1 il müddətinə onlar mənim mənzilimi təhvil verəcəklər. Binanın sahibi 200 saylı MTK olsa da, yaşayış kompleksini tikən “Cənub”MTK şirkəti idi və tikinti başlanmışdı. Şirkət mənimlə 24 may 2006-cı il tarixdə müqavilə bağladı və 35 min 700 dollar 200 saylı MTK-nın rəhbəri Etibar Fərzəliyevə ödədim. Müqavilədə göstərilir ki, mənzil 24 may 2007-ci ildə mənə təhvil verilməlidir. Bunu məndən pulu alan, MTK-nın rəhbəri Etibar Fərzəliyev də təsdiqlədi ki, guya 119 kvadratmetrlik mənzilim həmin gün mənə təhvil veriləcək. Mən də razılaşdım və müqavilə əsasında pulu ona verdim. Amma, sonradan başımıza oyunlar gəldi”.

Gülnarə Hacıyeva deyir ki, əvvəlcə ərazidə binanın tikintisinə başlanıb və 100-dən artıq şəxs binadan mənzil alıb. Gülnarə Hacıyeva isə bir il müddətinə kirayəşin yaşayıb. Şirkətlə razılaşmaya görə, bir ildən sonra bina təhvil verilməsə, Gülnarə Hacıyevanın əlavə qaldığı hər ayın kirayə pulunu 200 saylı MTK ödəməyi boynuna götürüb. Amma, bir ildən sonra məlum olub ki, şirkət rəhbəri vətəndaşları aldadıb və binada tikinti işləri dayandırılıb. Məlum olub ki, şirkət fırıldaq yolu ilə vətəndaşlardan pul alıb aradan çıxmağa cəhd edir. Mənzil sahibləri məsələ ilə bağlı şirkətə müraciət edəndə qəribə cavab alıblar. Şirkətdən bildiriblər ki, guya onlar binanın tikintisi üçün vətəndaşlardan yığılan pulu binanın tikintisini həyata keçirən “Cənub”MTK şirkətinin rəhbəri Yüzbaşov Rasim Murad oğluna veriblər. Həmin şəxs isə 2008-ci ildə dünyasını dəyişib və buna görə də binanın inşası dayandırılıb. Şirkət vətəndaşları hətta təhqir edərək onlara həmin binadan mənzil verilməyəcəyini də deyib.

Sakinlər məsələ ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət etsələr də, nə şirkət barədə tədbir görülüb, nə də vətəndaşların pulu qaytarılmayıb. İdarədən bildiriblər ki, guya faktla bağlı araşdırma aparılır və fakt təsdiqini tapacağı barədə tədbir görüləcək. Amma... Amması odur ki, hadisədən nə az, nə də çox, düz 7 il keçməsinə baxmayaraq hələ də şirkət rəhbəri məsuliyyətə cəlb edilmir. Yasamal rayon Polis İdarəsi şirkət rəhbəri barədə nə tədbir görür, nə də vətəndaşlara dəymiş ziyan ödənilir. Gülnarə Hacıyeva 2010-cu ildə məsələ ilə bağlı məhkəməyə müraciət etməli olur. Pozulmuş hüquqlarının bərpası üçün Nəsimi rayon məhkəməsinə müraciət edən zərərçəkmiş xanım məhkəmə tərəfindən hüquqlarının bərpasına qismən nail olur. Amma, bu nailolma yalnız kağız üzərində olur. Yəni, Nəsimi rayon Məhkəməsində məsələ ilə bağlı iddiaya baxılır və hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şirkətin Gülnarə Hacıyevaya 35 min 700 dollar ödəməsi barədə qərar çıxarılıb. Nəsimi rayon Məhkəməsinin 09 mart 2010-cu il tarixli 2(006) -590/2010 saylı qərar çıxarılsa da, Gülnarə Hacıyevaya bu vaxta qədər dəymiş ziyanın ödənilməsi nəzərə alınmayıb. Amma, qərar qanuni qüvvəyə minsə də, bu vaxta qədər hələ də icra olunmur. Belə ki, qarşı tərəf qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Amma, Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Lakin, yenə də qərar icra olunmayıb. Qarşı tərəf hazırda qərardan kassasiya şikayəti verib. Gülnarə Hacıyeva deyir ki, artıq 7 ildir ki, 5 azyaşlı uşağı ilə birlikdə kirayələrdə sürünür.

Geri qayıt