Əsas Səhifə > Partiya > HÜQUQ MÜDAFİƏÇİLƏRİ ŞİKAYƏTLƏNDİLƏR

HÜQUQ MÜDAFİƏÇİLƏRİ ŞİKAYƏTLƏNDİLƏR


10-12-2011, 15:50
HÜQUQ MÜDAFİƏÇİLƏRİ ŞİKAYƏTLƏNDİLƏR

İNSAN HAQLARI GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ

Ölkənin bir qrup hüquq müdafiəçisi 10 dekabr - İnsan Haqları Günü münasibətilə şənbə günü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) toplantı keçiriblər.

10 dekabr-İnsan Haqları Günü BMT-nin 1948-ci il dekabrın 10-da İnsan Haqları Bəyannaməsini qəbul etməsilə bağlıdır. Həmin zamandan etibarən bu gün bütün dünyada insan haqları günü kimi qeyd edilir.

Toplantıda RATİ rəhbəri Emin Hüseynov bu günün bütün dünyanın bayramı olmasına baxmayaraq, insan haqları baxımından Azərbaycanda durumun ürəkaçan olmadığını deyib. Amma ölkənin hüquq müdafiəçilərinin mövcud durumla barışmayaraq ona qarşı mübarizə apardığı vurğulanıb.

Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Novella Cəfəroğlu da insan haqları baxımından Azərbaycandakı durumu xoşagələn saymayıb. Hüquq müdafiə qurumları və hüquq müdafiəçilərinin bu duruma dirəniş göstərdiyi qeyd edilib. Eyni zamanda, Azərbaycanda yeni nəsil hüquq müdafiəçiləri yetişdiyi nəzərə çatdırılıb. Hüquq müdafiə işinin təkcə siyasi məhbus məsələsilə məhdudlaşmadığını deyən hüquq müdafiəçiləri vətəndaşların sosial, mülkiyyət, əmək və s. hüquqlarının da bu sırada əksini tapdığı xatırladılıb.

Hüquq müdafiə işinin daim gərəkli olduğunu deyən natiqlər Azərbaycan kimi insan hüquqlarının pozulduğu ölkədə bu fəaliyyətə xüsusi ehtiyac olduğunu da qeyd ediblər. Hüquq müdafiəçiləri insan haqları ilə bağlı gələcəyə nikbin baxdıqlarını söyləyərək, zaman-zaman bu problemlərin aradan qaldırılacağına əminlik ifadə ediblər.


Geri qayıt