Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞAMAXIDA BAŞÇI BƏLƏDİYYƏ SƏDRİ İLƏ BACARMIR

ŞAMAXIDA BAŞÇI BƏLƏDİYYƏ SƏDRİ İLƏ BACARMIR


15-05-2013, 13:43
ŞAMAXIDA BAŞÇI BƏLƏDİYYƏ SƏDRİ İLƏ BACARMIR
ŞƏHRİYAR QƏSƏBƏ SAKİNLƏRİ TORPAQSIZ QALIB

DİA.AZ: - Redaksiyamıza bir qrup Şamaxı rayon sakini adından şikayət məktubu daxil olub. Şikayətçilər DİA.AZ-a yazdıqları məktublarında Şamaxı rayon Şəhriyar qəsəbəsinin bələdiyyə sədri Musa Musayevdən giley-güzar edirlər.

Şikayətçilər yazır: «13 ildir Şəhriyar qəsəbə bələdiyyəsinə rəhbərlik edən Musa Musayev üçün müqəddəs olan tək şey yalnız puldur. Qəsəbənin sakinləri bir qıraqda qalıb, qəsəbəyə aid torpaqları 2007-ci ildən 2012-ci ilə qədər kənar kəndlərin sakinlərinə satıb. Və yerli sakinlər torpaqsız qalıb».

Sakinlər iddia edir ki, Musa Musayev bu yolla 98 nəfər kənar şəxsə qanunsuz olaraq torpaq satıb ki, bunun da nəticəsində külli miqdarda gəlir əldə edib: «Halbuki həmin kəndlərin özlərinin torpaq fondu var. Amma buna baxmayaraq bələdiyyə sədri Şəhriyar sakinlərinin haqqını və qanuni hüquqlarını pozub».

Sakinlər bildirir ki, dəfələrlə ayrı-ayrı dövlət qurumlarına şikayət etsələr də, onların haqq səsini eşidən yoxdur: «Yerli icra strukturları da bu adamla bacarmır. Hər halda, görünəni odur. Yeni icra başçısı da kənarda dayanıb. Yəqin Musa Musayev başçının «haqqını» verdiyindən, etdiyimiz şikayətlər qulaqardına vurulur».

Onu da bildirək ki, Şəhriyar qəsəbəsi sakinləri adından redaksiyamıza göndərilən müraciəti E.Osmanov, A.Atakişiyev və H.Məmmədova imzalayıb. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt