Əsas Səhifə > Siyasət, Manşet > BANK SEKTORUNUN DAHA BİR FIRILDAĞI AÇILDI

BANK SEKTORUNUN DAHA BİR FIRILDAĞI AÇILDI


15-05-2013, 10:36
BANK SEKTORUNUN DAHA BİR FIRILDAĞI AÇILDI
KREDİT BORCU OLAN MAŞINLARI KİMLƏR VƏ NECƏ SATIŞA ÇIXARIRLAR?

DİA.AZ: - Redaksiyamıza bank sektorunda yaşanılan özbaşınalıqlarla bağlı maraqlı bir müraciət daxil olub. Özünü Bakı sakini Cavanşir Paşa oğlu Həmidov kimi təqdim edən vətəndaş bildirir ki, onun şikayəti konkret olaraq «Unibank»da başına açılan oyunlarla bağlıdır.

Vətəndaşın DİA.AZ-ın elektron poçtuna göndərdiyi müraciətdə deyilir: «Üç ay əvvəl Badamdardakı maşın bazarından «Unibank»da kreditdə olan «deyvo-neksia» markalı bir maşını satın aldım. Və artıq anamdan əmdiyim südü burnumdan gətiriblər».

Vətəndaş bildirir ki, sən demə, maşını satanlar fırıldaqçı imiş və bu fırıldaqda bank əməkdaşlarının da iştirakı var imiş: «Maşını Anar adlı birisindən satın aldım və mənə bildirdi ki, o da mənim kimi hazır kreditdə alıb və maşının 36 aylıq kredit borcunun 5 ayı ödənilib. Amma sonradan məlum oldu ki, cəmi bir ay ödənilib».

Bakı sakininin sözlərinə görə, bu məsələdən, yəni maşının satışa çıxarılmasından bankın işçiləri də xəbərdar olublar: «Amma buna baxmayaraq, onlar alqı-satqının qarşısını almayıblar. Və mən maşını aldıqdan 15 gün sonra öyrəndim ki, sən demə, bankın iddiası ilə maşının üzərinə həb qoyulub. Və maşının sənəddə adı göstərilən birinci sahibi isə bankın israrlı basqıları qarşılığında «maşınının qaçırılması» barədə ərizə yazıb».

Artıq maşınının əlindən alındığını bildirən vətəndaş bildirir ki, ilkin ödəniş kimi 3000 dollar pul ödəyib: «İndi həmin pulumu tələb etsəm də, bank əməkdaşları məndən 5 aylıq borcu istəyirlər və hətta bu halda belə, maşının mənə qayıdacağı sual altındadır».

Geri qayıt