Əsas Səhifə > Cəmiyyət > SABİQ REKTORUN İŞİ DÜYÜNƏ DÜŞÜB

SABİQ REKTORUN İŞİ DÜYÜNƏ DÜŞÜB


10-12-2011, 12:18
SABİQ REKTORUN İŞİ DÜYÜNƏ DÜŞÜB

"YIĞILAN 633 MİN MANAT PULA NƏ AD VERİRSİNİZ?"

Bakı Apellyasiya Məhkəməsində Moskva Açıq Universiteti Bakı filialının rəhbərliyinin, o cümlədən sabiq rektor Muğan Salahovun və Ramazan Hüseynovun verdiyi apellyasiya şikayətinə baxıldı. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında maraqlı məqamlar yaşandı. Hakim M.Hüseynov Ramazan Hüseynovdan soruşdu:

- Sizin universitet təsərrüfat hesablıdır. Məndə sübut olunmamış epizodlar var... Bu qalmaqallı işdə 70 epizod var. Siz 01 oktyabr 2000-ci ildə səlahiyyətdən sui-istifadə etməklə, vətəndaşlardan təhsil haqqı adı ilə pul yığmısınız. Buna necə aydınlıq gətirə bilərsiniz?

Ramazan Hüseynov:

- Mən universitet rəhbərliyinin birbaşa göstərişi ilə təhsil haqqı adı ilə vətəndaşlardan pul almışam. Kənarda xeyli zərərçəkən insanlar var ki, onların pulu hələ də ödənilməyib. Onlar müəyyən səbəbdən bizdən öz pullarını istəyirlər.

Hakim:

- Elə haqlı olaraq əl çəkmirlər.

R.Hüseynov:

- Loğman Tibb Mərkəzinin keçmiş direktoru Rəmziyyə xanım pul verməyə hazırdır. Mən yığdığım pulları Rəmziyyə xanıma vermişəm. Gəlin halallıq edək. Camaatın pullarını qaytaraq.

Hakim:

- Bəs yığılan 633 min manata nə ad qoyursunuz? Bu pulları özünüz yığıb, özünüz də xərcləyirdiniz? Yoxsa Moskvaya ödəmək üçün yığırdınız? Sizin o pulu xərcləməyə icazəniz vardımı?

Muğan Salahov:

- Bizə icazə verilmişdi ki, yığılan pullardan müəllimlərə, digər işlərə xərcləməyə icazə var.

Hakim:

- Bu nizamnamədə öz əksini tapmışdımı ki, siz o pulları xərcləmək səlahiyyətindəsiniz? Tələbədən yığılan pullar fonda keçirilib, xərclənməli idi axı...

Muğan Salahov:

- Biz aldığımız pulla bağlı hesabat verirdik.

Hakim:

- Filial təsərrüfathesablı idisə, tələbələrdən yığılan pulun 633 min manatı 4 illik xərc edirdi...

Muğan Salahov:

- Müəllimlərə verilən əmək haqqını tələbələrdən yığılan pullardan verirdik.

Hakim:

- Sizin 4 il müddətində yığdığınız pul 633 min manatmı təşkil edirdi? Lisenziyanız 2007-ci il mayın 19-da ləğv edilib, amma siz buna məhəl qoymamısınız...

***

Qeyd edim ki, ortada mənimsəmə, pulların yığılmasında iştirak və s. vardır. Dələduzluq faktları universitetdə oxumayan tələbələrə aiddirmi? Məqsəd cinayət yolu ilə yığılan pulları leqallaşdırmaq olub. Lisenziyası olmayan universitetdə pul yığılıb. Nəhayət, hakim hər iki tərəfə ümumi məxrəcə gəlmək üçün vaxt verərək məhkəmənin növbəti iclasını 2011-ci ilin dekabrın 21-nə, saat 11-00-a təyin etdi.

Onu da deyim ki, zalda hələ də dindirilməyən və rəsmi qaydada şikayət verib iddia etməyən xeyli sayda şikayətçi var idi. Onlar Rafiq Salahovun qurbanlarından idi. Rafiq Salahov (Muğan Salahovun qardaşı oğlu) şikayətçilərdən yaxa qurtarmaq üçün məhkəməyə gəlməyə cürət etmirdi. Əvəzində atası və qohumları iştirak edirdilər.

Məhkəmənin həyətində isə oğlunun adının şikayətçilər tərəfindən hallandığını eşitdikdə özündən çıxan R.Salahovun atası üç barmağının həndəsi füqurunu şikayətçilərə tuşladı və "Siz bunu görərsiniz" deyərək yaşına yaraşmayan hərəkət etdi.

Maraqlıdır ki, M.Salahov vətəndaşlardan aldatma yolu ilə alınan pullara təhsil haqqı donu geyindirməkdədir və bu səbəbdən də cinayət işi üzrə 61 nəfər zərərçəkmişin tələbləri, demək olar ki, havada qalıb. Azərbaycan Res. CM-nin 178-ci (dələduzluq), 179 (mənimsəmə və ismraf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) maddələri ilə ittiham edilən Muğan Salahova Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə vur-tut 1il şərti iş vermişdir. Hansı ki, bu günlərdə bir jurnalist 1000 manat rüşvət aldığına görə ona 4 il iş kəsiblər! Gör onda bu hesabla Muğan Salahova 633 min manata görə neçə yüz il iş kəsilməlidir...

***

Maraqlı burasındadır ki, bu boyda həngamənin qabağında Muğan Salahov hələ bir apellyasiya şikayəti verərək bəraət istəyir. Məhkəmədən sonra isə hay-küy salan zərərçəkənlər pulunu istədikdə Muğan Salahov onlara "Mən sizi tanımıram" deməklə onları lap hövsələdən çıxarırdı. Bu da Azərbaycan məhkəməsinin reallıqları. Hətta Muğan Salahova bəraət verilsə belə, heç kim təəccüblənməsin. Hal-hazırda isə bu iş üzrə həm də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işi yekunlaşmaqdadır.

Dünən məlumat aldıq ki, 70 yaşlı Muğan Salahov Memarlıq və İnşaat Universitetində işləyir. Rafiq Salahov isə İdarəetmə və Texnologiya Kollecində çalışır. Hətta kollecə direktor keçmək də istəyir.

Zümrüd Məmmədli


Geri qayıt