Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEV ÜÇÜN QARA GÜNLƏR BAŞLAYIR

ELŞAD ABDULLAYEV ÜÇÜN QARA GÜNLƏR BAŞLAYIR


10-05-2013, 11:01
ELŞAD ABDULLAYEV ÜÇÜN QARA GÜNLƏR BAŞLAYIR
ÖZÜNÜ TOPARLAYAN RAMİZ MEHDİYEV ƏSAS HƏDƏFİNƏ ZƏRBƏ VURACAQ

DİA.AZ: - Son zamanlar sensassion açıqlamaları ilə diqqətə gələn və mətbuata ötürdüyü faktları ilə hakimiyyətin böyük bir oyununu ifşa edən lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaxınları hədəfə çevrilib. Bu barədə məlumat redaksiyamıza hakimiyyət içindəki mötəbər qaynaqlardan ötürülüb.

Xatırladaq ki, bir neçə gün əvvəl Elşad Abdullayevin videobombardmanının açıq hədəfi olan keçmiş YAP-çı deputat Gülər Əhmədovanın həbs müddəti uzadıldı. Amma bu həbs qərar sözügedən işlə bağlı sonuncu həbs qərarı olmaya bilər.

Bildirək ki, ictimailəşdirdiyi faktlarda Elşad Abdullyev bir çox dövlət qurumlarının, eləcə də hazırda iqtidar düşərgəsinin əsas fiquru hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adlarının hallandığı böyük cinayət əməlləri barədə faktları ortaya qoymaqdadır.

Konkret sənəd və sübutlara söykənən bu faktlar təsdiqləyir ki, Elşad Abdullayevin rəhbəri olduğu ABU-nun lisenziyası əslində bu ali tədris ocağında Ramiz Mehdiyevin gözünün olması səbəbindən ləğv edilib. Bundan əlavə Elşad Abdullayev qardaşı Mahir Abdullayevin yoxa çıxması ilə bağlı da çox ilginc faktları ortaya qoyur.

İndi isə vəziyyətin tamamən alt-üst olduğunu və Elşad Abdullayev tərəfindən açıqlanan faktların hakimiyyət üçün «WikiLeaks» sənədlərindən də ağır zərbə rolunu oynadığını bildirən məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (DİA.AZ) söylədiklərindən belə aydın olur ki, sabiq ABU rektoruna qarşı kampaniya barədə qərar qəbul edilib:

«Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də hakimiyyət özünün ənənəvi üsullarından istifadə etməyi düşünür. Planlaşmaya görə, Elşad Abdullyevin susdurulması məqsədilə onun Azərbaycanda qalan yaxın adamları, hətta bir zamanlar ABU-da çalışmış və sabiq rektora yaxınlığı ilə seçilən müəllimlər belə həbs oluna bilər. Artıq belə bir addım atılıb və həbs olunmuş ABU-nun sabiq işçisindən Elşad Abdullayevə qarşı “dəlillər”lə zəngin ifadə ala biliblər».

Mənbəmizin sözlərinə görə, həmin şəxslərə qarşı «köhnə cinayətlər» məsələsindən istifadə olunacaq: «Plan belədir ki, ABU-da korrupsiya faktları araşdırılsın və bunun da nəticəsində həm Elşad Abdullayevin özünə qarşı və həm də ona yaxın olmuş onlarla məmura qarşı həbs qərarı çıxarılsın».

Məlumatlarda o da qeyd olunur ki, korrupsiya və rüşvətdə ittiham olunacaq Elşad Abdullayevin sonradan beynəlxalq axtarışa verilməsi də nəzərdə tutulur.

Geri qayıt