Əsas Səhifə > Cəmiyyət, Manşet > MASALLIDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ

MASALLIDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ


7-05-2013, 15:20
MASALLIDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ
RAFİL HÜSEYNOVLA HACI MAZAN ÜZ-ÜZƏ GƏLİR

DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı kimi tanınan Masallının icra başçısı Rafil Hüseynov sözügedən rayona gəldiyi ilk gündən hər kəsə meydan oxumağa başladı. Hətta kifayət qədər nüfuzlu hesab olunan, Masallının keçmiş, Astaranın indiki icra başçısı Qəzənfər Ağayevin belə rayondakı obyektlərinə əl qoyan Rafil Hüseynov bununla da Masallıdakı bir çox dairələri yerində oturtmağa müvəffəq oldu. Çünki Qəzənfər Ağayev o şəxs idi ki, onunla hətta hazırda Daşkəsənə rəhbərlik edən keçmiş deputat Əhəd Abıyev belə bacarmamışdı.

Beləcə, Masallıya gələnə qədər Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator postunu tutan Rafil Hüseynov bununla da rayonda güc olduğunu Masallının qocaman nüfuz sahiblərinə qəbul etdirmiş oldu. Amma onun da problemləri var və özü də bu problem günü gündən ciddiləşməkdədir.

DİA.AZ-a bilgili qaynaqlardan sızan informasiyaya görə, Rafil Hüseynov Masallıdan olan Şeyxin qudası Hacı Mazanla münasibətlərində əməlli-başlı problem yaşayır: «Bu problem get-gedə şiddətlənməkdədir. Hətta tərəflər bir-birilərinin əleyhinə «yuxarıya» ünvanlanmış «donos»lar da ötürməkdədirlər. Vəziyyət elə bir həddədir ki, Hacı Mazan icra başçısının oğlunu belə həbs etdirmək planı üzərində işləyir».

Mənbəmiz iddia edir ki, bu günlərdə baş vermiş bir insident başçı ilə Şeyxin qudasının həlleidici döyüşə çıxacağını da istisna etmir: «Çünki hər iki tərəfə görə, Masallıda onlardan biri qalmalıdır».

Onu da qeyd edək ki, Hacı Mazan özünə yaxın şəxslərdən birini Masallı rayon icra başçısı postuna hazırlayır ki, bu işdə də onun ən böyük dəstəkçisi bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədir.

Geri qayıt