Əsas Səhifə > Partiya > MƏHKƏMƏ TƏXİRƏ SALINIB

MƏHKƏMƏ TƏXİRƏ SALINIB


9-12-2011, 12:15
MƏHKƏMƏ TƏXİRƏ SALINIB

İSLAMÇILARIN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və daha 6 dini fəalın apellyasiya şikayətinə baxılması təxirə salınıb. “Turan”ın məlumatına görə, buna vəkillərin Bakı Apellyasiya Məhkəməsinin təkrar məhkəmə təhqiqatı aparmamaq qərarından Ali Məhkəməyə kassasiya şikayəti verməsi səbəb olub.

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, partiya sədrinin müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 40 ictimai-siyasi fəalın 20-si dini kəsimi təmsil edir. Dini fəalların həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırıb.


Geri qayıt