Əsas Səhifə > Siyasət, Manşet > DEPUTAT İCRA BAŞÇISI OLMAQ FİKRİNƏ DÜŞÜB

DEPUTAT İCRA BAŞÇISI OLMAQ FİKRİNƏ DÜŞÜB


6-05-2013, 11:39
DEPUTAT İCRA BAŞÇISI OLMAQ FİKRİNƏ DÜŞÜB
YOL ÜSTÜNDƏ OLAN XANBABAYEVİN YERİNƏ ARİF ƏŞRƏVOV İDDİALIDIR

DİA.AZ: - Məlumdur ki, yaxın günlərdə bir neçə icra başçısı vəzifəsindən azad ediləcək. Onların sırasında yaşı kifayət qədər olan Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev də var. Doğrudur, Xanbabayevin vəzifəsindən alınması heç də onun «vurulması» kimi dəyərləndirilə bilməz. Hələ də onu ciddi şəkildə himayə edənlər var. Amma onun da zamanı yetişib və artıq bu barədə qərar da verilib.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, məhz bu səbəbdən Xaçmaza başçı gələ bilmələri üçün rayonun bir neçə imkanlı məmuru qollarını çırmayıb. Xatırladaq ki, bir müddət əvvəl yerli mətbuatda Şəmsəddin Xanbabayevin gedişi səbəbindən obyektlərini satışa belə çıxardığı xəbəri yayılmışdı. Yəni bu kimi faktlar da artıq icra başçısı dəyişikliyinin qapıda olduğunu təsdiqləyir.

Mənbə DİA.AZ-a bildirib ki, Xaçmaza rəhbərlik uğrunda savaşanlardan biri də 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmiş Arif Əşrəfov da var. Mənbənin söylədikləri:

«Arif Əşrəfov kifayət qədər imkanı olduğundan hətta indidən bəzi rəqibləri niyyətlərindən vaz keçməli olublar. Çünki onunla imkan baxımından rəqabət aparmaq çox çətindir».

Mənbəmizin sözlərinə görə, son zamanlar özü barəsində mətbuatda yazılan yazılara da xüsusi həssaslıq nümayiş etdirən deputat məhz icra başçısı ola bilməsi üçün hətta rayonda xeyriyyəçilik aksiyaları da həyata keçirməyə başlayıb: «Bu günlərdə bir xaçmazlının müalicəsi üçün pul ayırdı. Daha bir neçə rayon sakininə ciddi şəkildə yardımlar göstərib. Bütün bunlar isə onun rayonda etimad qazanma niyyətiylə birbaşa bağlıdır».

Lakin təbii ki, son qərarı «yuxarılar» verəcək. Buna qədərsə Arif Əşrəfov rayonda özünə xal yığmaqdadır…

Geri qayıt