Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV ÖZÜNÜ ÇƏTİN DURUMA SALIB

ZİYA MƏMMƏDOV ÖZÜNÜ ÇƏTİN DURUMA SALIB


6-05-2013, 11:17
ZİYA MƏMMƏDOV ÖZÜNÜ ÇƏTİN DURUMA SALIB
SƏRNİŞİN DAŞIMADAKI SON BAHALAŞMA RƏSMƏN HAKİMİYYƏTƏ QARŞIDIR

DİA.AZ: - Redaksiyamıza hökumət içindəki mənbələrdən ötürülən informasiyada bildirilir ki, son zamanlar şəhəriçi sərnişindaşımada baş verən qəzaların artması səbəbindən nəqliyyat naziri Ziya Məmmədova qarşı yeni piar kampaniyası başlayıb. Mənbəmiz bildirir ki, əslində bu işdə NN şefinin yarıtmaz siyasəti özünü biruzə verir, amma ortada sui-istifadəçilər də var və onlar Ziya Məmmədovun son addımlarını da əlavə edərək nazirə qarşı yeni kampaniyaya start veriblər.

Mənbənin DİA.AZ-a söylədikləri: «Təbii ki, sərnişindaşımadakı özbaşınalığın sorumlusu Ziya Məmmədovdur və buna görə nazir cavab verməlidir. Bir əsgər ölümünə görə küçələrə axışıb Səfər Əbiyevin istefasını tələb edənlər, nədənsə hər gün məhz avtobus sürücülərinin özbaşınalığı səbəbindən itirilən insanların ölümünə reaksiya vermirlər.

Amma bu olaylara hakimiyyət içində NN şefinə əks qütbdə dayanan məmurlar reaksiya veriblər. Və son olaraq nəqliyyat nazirliyinin Tarif Şurasına sərnişin daşımada qiymətlərin artırılması ilə bağlı etdiyi müraciətlər də Ziya Məmmədova qarşı hərəkətlənməni daha da gücləndirib».

Mənbəmiz bildirir ki, Tarif Şurası NN şefinə rəsmən rədd cavabı versə də, bu gün birbaşa olaraq nəqliyyat nazirliyinin şifahi təlimatı ilə marşrut xəttlərinin sahiblərinə qiymətlərin artırılmasında sərbəst olmaları barədə təlimat verilib: «Bu da əlavə şiddət yaradıb. Çünki prezident seçkiləri kimi mühüm bir siyasi hadisənin ərəfəsində xalqı narazı sala biləcək bu addımdan Ziya Məmmədovun xəbərdar olması faktdır.

Və vəziyyətdən istifadə edənlər hətta prezidentlə qohum olmağa fürsət tapmış Ziya Məmmədovun bu davranışlarının hakimiyyətin ümumi maraqlarının ziddinə olduğunu sübuta yetirə biliblər: «İndi Ziya Məmmədovdan bununla bağlı izahat istəniləcək. Artıq belə bir əhval yetişib. Və ola bilsin ki, bu izahatla da nazirə qarşı ciddi tədbirlər də görülsün».

Mənbəmiz əlavə etdi ki, kimsənin vəzifə başında əbədi olmadığı faktdır: «Və o da faktdır ki, hətta prezidentlə qan qohumluğu olanlar belə ümumi maraqlara ziddi davranışda bulunanda onlardan asanlıqla imtina olunur».

Geri qayıt